Sahil Babayev Şəmkirdə sakinlərlə görüşüb (FOTO)


Digərləri 16 Noy 2018 16:56:00 369 0

Sahil Babayev Şəmkirdə sakinlərlə görüşüb (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Vətəndaşlar əsasən sosial təminat növləri, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, əmək hüquqlarının müdafiəsi, reabilitasiya xidmətləri ilə təminat və s. ilə bağlı müraciət ediblər. Sorğu xarakterli müraciətlərlə əlaqədar izahatlar verilməklə, qaldırılan ayrı-ayrı məsələlərin həlli istiqamətində konkret tədbirlər görülüb. Vətəndaşlarla görüşdə S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası işlərindən danışıb, bu işlər çərçivəsində şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə başlandığını diqqətə çatdırıb. O bildirib ki, nazirlikdəki müvafiq Komissiya tərəfindən bu ayın əvvəlindən artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub ki, onlardan 58 şəhid hərbi qulluqçu üzrə 105 vərəsə Şəmkir və Tovuz rayonlarında yaşayan vərəsələrdir. Birdəfəlik ödəmə almaq hüququ olan digər vərəsələrə də həmin ödəmənin verilməsi üçün işlər davam etdirilir.