Allahşükür Paşazadə Almaniyada beynəlxalq konfransda iştirak edəcək


Digərləri 16 Noy 2018 15:27:00 235 0

Allahşükür Paşazadə Almaniyada beynəlxalq konfransda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də Almaniyaya səfərə yola düşür.

Bakı. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də Almaniyaya səfərə yola düşür. İdarədən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi fəaliyyət göstərən «Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi»nin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya-Azərbaycan Forumu və Berlin Mədəni Diplomatiya Akademiyası ilə birgə təşkilatçılıqda noyabrın 19-da Berlin şəhərində keçirəcəyi «Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycanda Multikulturalizm və İslam Həmrəyliyi illərinin elan olunmasının ardınca, habelə Mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin 10 illiyi münasibətilə tədbirlərin davamı olaraq keçiriləcək Berlin Beynəlxalq Konfransı dinlər və sivilizasiyalararası dialoqun davam etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsinə dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.