Azərbaycan Gənclərinin VIII Forumu keçirilib (FOTO)


Digərləri 16 Noy 2018 15:00:00 433 0

Azərbaycan Gənclərinin VIII Forumu keçirilib (FOTO)

Bu gün Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” şüarı altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib.

Bakı. Elçin Mehdiyev – Bu gün Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” şüarı altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib. Trend-in məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin əvvəlində həmçinin Azərbaycan Gənclərinin VII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov dövlət gənclər siyasətinin muxtar respublikada da uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlardan danışıb. O bildirib ki, muxtar respublikada gənclərin problemlərinin həlli, onların məşğulluğu, yaradıcı təşəbbüslərinin reallaşdırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği məsələlərinə xüsusi diqqət yetirilir. Muxtar respublika əhalisinin 140 min nəfərini (30,8 faiz) gənclərin təşkil etdiyini deyən A.Cabbarov bildirib ki, gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, onların muzeylərə, tarixi abidələrimizə ekskursiyaları təşkil olunur. Nazir vurğulayıb ki, bu gün əldə olunan uğurlar bu sahəyə yüksək diqqət və qayğının göstəricisidir. Daha sonra tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. F.Cəfərov bildirib ki, Azərbaycan gənclərə göstərilən xidmət və yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir. O qeyd edib ki, Azərbaycan, həmçinin BMT-nin “İnsan İnkişafı İndeksi”ndə də dünyada ilk sıralardadır. F.Cəfərov vurğulayıb ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində ölkəmizdə digər qurumlar kimi, Gənclər Fondu da bu sahədə səmərəli fəaliyyət göstərir. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fondun fəaliyyət dairəsinin və səlahiyyətlərinin genişləndirilməsi gənclər üçün yeni imkanlar yaradır. O qeyd edib ki, yaradılan imkanlardan bəhrələnən gənclərimiz ən müasir biliklərə yiyələnərək ölkəmizi beynəlxalq arenada uğurla təbliğ edir, dövlətimizin inkişafına mühüm töhfə verir, Vətənimizin keşiyində ayıq-sayıq dayanırlar. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Məryəm Məcidova sıralarında 127 təşkilatın birləşdiyi qurumun ötən dörd ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. M.Məcidova bu tədbirlər arasında Azərbaycan Könüllülük Xidməti, BMT ilə birgə reallaşdırılan “Gənclər daha yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə yox” və s. layihə, kampaniya və proqramların uğurla reallaşdırıldığını bildirib. O qeyd edib ki, beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən Şura Avropa Könüllülük Xidməti, “ERASMUS+” proqramları üzrə, eləcə də Avropa Gənclər Fondu və digər qurumlarla səmərəli əməkdaşlıq edir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Azərbaycan gəncliyinin bugünkü inkişafının, əldə etdiyi mühüm uğurların əsasında ulu öndər Heydər Əliyevin diqqət və qayğısının, uzaqgörənliklə əsasını qoyduğu dövlət gənclər siyasətinin yüksək səviyyədə reallaşdırılmasının dayandığını deyib. O qeyd edib ki, bu yüksək diqqət və qayğı nəticəsində gündən-günə inkişaf edərək ən müasir tələblərə cavab verən Azərbaycan gəncləri ölkəmizi beynəlxalq təşkilatlarda, tədbir və forumlarda uğurla təmsil edirlər. S.Orucov vurğulayıb ki, təsadüfi deyil ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bir sıra ölkələr və beynəlxalq qurumlar Xocalı soyqırımını tanıyıb. Sonra Dünya Skautlar Təşkilatının icraçı direktoru Ahməd Əlhəndavinin və BMT baş katibinin gənclər üzrə xüsusi elçisi xanım Cayatma Vikramanayakenin Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına videomüraciətləri dinlənilib. Videomüraciətlərdə Azərbaycan dövlətinin dünyada gənclər siyasətinin inkişafına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclərin inkişafı, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradılıb. Videomüraciətdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq konfrans və forumların beynəlxalq gənclər hərəkatının inkişafında rolu yüksək qiymətləndirilib. Tədbirin ikinci hissəsində zona toplantılarından Foruma seçilmiş nümayəndə heyətlərinin rəhbərləri təmsil etdikləri bölgələrdə görülən işlər barədə hesabat məruzələri ilə çıxış ediblər. Həmçinin müxtəlif sahələri təmsil edən gənclərin çıxışları dinlənilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin