Avropa Liqasına görə Bakıya daha bir səfər


İdman 16 Noy 2018 11:04:00 302 0

Avropa Liqasına görə Bakıya daha bir səfər

2019-cu il mayın 29-da Bakıda keçiriləcək Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin paytaxtımıza səfərləri davam edir.

Goal.az AFFA-ya istinadən xəbər verir ki, final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçilərinin noyabrın 14-də və 15-də oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanları ilə tanışlıq məqsədilə Bakıya səfərdə olublar.

Səfər çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə Avropa Liqasının layihə meneceri Andreas Şar, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər. Sonra tədbir iştirakçıları BOS-un ərazisinə tanışlıq xarakterli baxış keçiriblər.

Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olublar.