Diabet nədir və ondan necə qorunmaq olar?


Digərləri 15 Noy 2018 21:46:00 287 0

Diabet nədir və ondan necə qorunmaq olar?

Diabet ağır xəstəlikdir. Hər il diabetdən bir milyondan çox adam ölür və bu xəstəliyə hamı tutula bilər.

Bu xəstəlik bədənin qandakı şəkərin hamısını (qlükozanı) emal edə bilmədiyi vaxt başlayır.

Diabet ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər.

Bu xəstəlik miqyası artan problemlərə aid edilir - təxminlərə görə bu gün dünyada 422 milyon insan diabetlə yaşayır - bu isə, son 40 il ərzində dünyada diabet xəstələrinin sayının 4 dəfə artdığını göstərir, Ümumdünya Səhiyə Təşkilatı (WHO) bildirib.

Risklərə baxmayaraq, diabeti olan xəstələrin təxminən yarısı bundan xəbərsizdir.

Lakin həyat tərzini dəyişməklə bir çox hallarda xəstəliyin qarşısını almaq olar.

Diabetə gətirib çıxaran nədir?

Bədənimiz yediyimiz karbohidratları şəkərə (qlükoza) parçalayır.

Mədəaltı vəzdə əmələ gələn insulin adlı hormon bədən hüceyrələrinə həmin şəkəri enerjiyə çevirmək göstərişi verir.

Diabetin yaranmasına isə insulinin hasil olunmaması və ya hormonun funksiyasını yerinə yetirməməsi səbəb olur, nəticədə, qanda şəkərin miqdarı artır.

Qənd və şəkər tozu qanda qlükozanın miqdarını artırır.

Diabetin hansı tipləri var?

Diabetin bir neçə tipi var.

1-ci tip diabetdəmədəaltı vəzdə insulinin hasil olunması kəsilir və nəticədə qanda qlükozanın səviyyəsi artır.

Alimlər bunun dəqiq səbəbini bilmirlər, lakin hesab edirlər ki, bunun əsasında genetika və ya mədəaltı vəzdə insulin hasil edən hüceyrələri zədələyən viruslu infeksiya dura bilər.

Diabet xəstələrinin təxminən 10 faizində 1-ci tip diabetdir.

2-ci tip diabetdə mədəaltı vəz insulinin hasil olunmasını tam dayandırmır, amma ya kifayət qədər insulin ya hasil etmir, ya da hormonun effektiv işləməsinə nəsə mane olur.

Bədəndə qlükozanın emalını təmin edən insulin hormonu mədəaltı vəzdə hasil olunur.

Buna adətən orta yaşlı və yaşlı insanlarda rast gəlinir. Lakin 2-ci tip diabet bəzən artıq çəkisi olan və ya az hərəkət edən gənclərdə də müşahidə olunur. Bəzi xalqlar bu xəstəliyə xüsusi meyllidirlər, xüsusilə Cənubi Asiya xalqlarının nümayəndələri.

Diabet bəzən hamilə qadınlarda da diaqnozlaşdırlır. Bu cür diabetə hamiləlik diabeti deyilir: hamilə qadının bədəni qadının özü və bətnindəki uşaq üçün kifayət qədər insulin hasil edə bilmir.

Müxtəlif tədqiqatlara görə, hamilə qadınların 6-16 faizində hamiləlik diabeti yarana bilər.

Həmin qrupa aid qadınlar qandakı şəkərin miqdarına nəzarət etməli, pəhriz, fikizi aktivlik və/və ya insulin iynələri ilə onu normada saxlamalıdır ki, onlarda 2-ci tip diabetin əmələ gəlməsinin qarşısını ala bilsinlər.

Diabetin əlamətləri

Yorğunluq, susuzluq hissi, sidiyin bədəndən normadan çox çıxması dibetin simptomları ola bilər.