Daha 135 şəhid hərbçi vərəsəsinə birdəfəlik ödəmənin verilməsi qərara alınıb


Digərləri 15 Noy 2018 17:10:57 199 0

Daha 135 şəhid hərbçi vərəsəsinə birdəfəlik ödəmənin verilməsi qərara alınıb

Bu ayın əvvəlindən artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub.

Bakı. Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir və artıq ödəniş prosesinə başlanılıb. Prezident İlham Əliyevin mühüm sosial önəm kəsb edən bu humanist addımına uyğun olaraq, birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunması və şəffaflığın tam təmin edilməsi şəraitində həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, bunu dövlət başçısının qeyd edilən Fərmanının icrası ilə əlaqədar ƏƏSMN-də fəaliyyət göstərən Komissiyanın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur və nazirlikdəki müvafiq işçi qrupu tərəfindən həmin sənədlərin təhlili aparılır.