"Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır"


Digərləri 15 Noy 2018 09:38:00 262 0

"Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır"

Azərbaycanın maliyyə sistemi çox dəqiq, sərrast qurulub, saat mexanizmi kimi işləyir, yerində durmur, daim inkişaf edir, dünyada mövcud təcrübəni daim izləyir, müsbət meylləri dərhal mənimsəyirlər. 2019-cu ilin dövlət büdcəsi sosial yönümlü, investisiya yönümlü olaraq ölkəmizin və xalqımızın yeni mərhələdə hərtərəfli inkişafını təmin edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mili Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirələrində millət vəkili, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxışı zamanı deyib.

Akedemik elmə ayrılan xərclərə toxunaraq deyib ki, növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2018-ci illə müqayisədə 5,3 milyon manat və ya 4,2 faiz çoxdur: "Həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. 2019-cu ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 1,3 milyon manat vəsait nəzərdə tutulub. Konkret Elmlər Akademiyası üçün 88 mln. 670 min 98 AZN nəzərdə tutulub".

Deputat əlavə edib ki, beynəlxalq təcrübəyə əsasən elm və texnologiyanın inkişaf vəziyyəti ölkənin inkişaf səviyyəsindən birbaşa asılıdır. Dünya təcrübəsinə əsasən hər bir ölkədə elmi tədqiqatlara ayrılan xərclər ÜDM-in ən azı 2%-ni təşkil etməlidir. Dünyada elmin inkişafına ayrılan vəsaitin 23%-i ABŞ-ın, 21%-i Çinin, 13%-i isə Yaponiyanın payına düşür. Əsaslı olaraq dünyanın əsas elm mərkəzləri Şimali Amerika, Avropa və Şərqi Asiya ölkələri hesab olunur. Elmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin ÜDM-də xüsusi çəkisinin az olması elmi heyətin, elmi kadr potensialının azalmasına səbəb olur ki, bu da yüksək elmi nəticələrin alınmasına mənfi təsir edir".