Merkel Avropa İttifaqında islahatlara təsir edə biləcəkmi?


Dünya 14 Noy 2018 23:13:00 280 0

Merkel Avropa İttifaqında islahatlara təsir edə biləcəkmi?

Almaniya kansleri Angela Merkel noyabrın 13-də Avropa Parlamenti qarşısında çıxış edərək Avropanın gələcəyi barədə öz mülahizələrini bölüşüb. Müşahidəçilərin çoxu gözləyirdi ki, bu çıxış bir il əvvəl Fransa prezidenti Emmanuel Makronun Sorbonnada söylədiyi proqram nitqində Avropa İttifaqında islahatlar haqqında onun planlarına bir növ cavab olacaq. Eyni zamanda, Merkelin Avropa Parlamentinin deputatları qarşısında bu çıxışı onun AFR-də hakim partiya olan Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının sədri vəzifəsindən getməsini və bundan sonra kansler vəzifəsi uğrunda mübarizədən imtinasını elan etməsi fonunda səslənirdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Brüsselin hakimiyyət dəhlizlərində birmənalı mövqe tuturlar: AFR kansleri tamamilə fəaliyyət qabiliyyətlidir. Avropa Komissiyasında Berlində hökumətin sabitliyinə hər hansı şübhələri qətiyyətlə rədd edir və vurğulayırlar ki, bu təhdidlər Avropa İttifaqının siyasətinə əsla təsir göstərməyəcək. Amma bununla belə, Merkelin Strasburqdakı çıxışının səhnə arxasında Avropa İttifaqının üzvü olan ölkələrin demək olar ki, hamısında bu cür suallar qarşıya çıxır: Almaniya kansleri tədricən siyasətdən gedərsə, bunun nəticəsi nə olacaq? Əgər Merkeli zəiflətsələr, Avropa İttifaqında islahatlar barədə planların aqibəti necə olacaq? Əgər o, Avropanın siyasi səhnəsini tamam tərk edərsə, onda nələr olacaq?

Bir sıra mühüm məsələlər üzrə Avropa İttifaqının sabitliyi çox cəhətdən federal kanslerin adı ilə bağlıdır. Merkel zəifləyəcəyi halda Avropa İttifaqı özünün bəzi üzvlərinin beynəlxalq siyasətdə və iqtisadiyyatda mərkəzdənqaçma meyilləri ilə üzləşə bilər.

Avropa İttifaqının üzvü olan ölkələr tərəfindən qaçqınların paylanması məsələsində kompromis variant tapmaq cəhdləri də hələ nəticəsiz qalır. Bir sıra dövlətlər isə belə variant tapmağa ümumiyyətlə səy göstərmirlər. Angela Merkelin qaçqınlar barəsində siyasətinə görə onu kəskin tənqid edirdilər, amma nəticədə Türkiyə ilə saziş imzalanması bu məsələdə gərginliyi bir qədər zəiflətdi. Lakin siyasi cəhətdən mübahisəli olan bu müqavilənin müddətinin uzadılması üçün Avropa İttifaqında çoxluğun razılığı lazımdır. İndiyə qədər bunun üçün, hər şeydən əvvəl, məhz Merkel cavab verirdi.