Keyfiyyətli uşaq geyimlərini necə tanımaq olar?


Digərləri 14 Noy 2018 20:28:00 292 0

Keyfiyyətli uşaq geyimlərini necə tanımaq olar?

Ayın sonu yaxınlaşanda düşündüyümüz ilk şey maaş, maaş alandan sonra isə alış-veriş, "shopping" olur. Böyüklər üçün orta hesabla 65 manata bir köynək, şalvar, ayaqqabı almaq mümkün olursa, uşaqlar üçün bunu demək mümkün deyil. Uşaq geyimləri satılan mağazalarda qiymətlər əl yandırır. Balacalar üçün bir kiçik gödəkcə və ya köynək almaq üçün ən azı 50 manat pul xərcləməlisən.

Geniş ticarət mərkəzlərində yerləşən mağazalarda bahalı brend adı altında satılan geyimlərlə, "Sədərək", "Binə" ticarət və topdansatış mərkəzlərində satılan geyimlər arasında keyfiyyət fərqi olduğu deyilsə də, qiymətlər elə bahadır ki, bahadır.

Bəs görəsən, keyfiyyətli uşaq geyimlərini necə seçmək lazımdır? Uşaqları müxtəlif dəri xəstəlikləri yaradacaq təhlükəli materiallardan hazırlanan geyimlərdən necə qorumaq olar?

Son.az xəbər verir ki. mövzu ilə əlaqədar oxu.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, nəinki uşaq, eləcə də, böyüklər üçün satışa çıxarılan geyimlərin keyfiyyətinə zəmanət verən sahibkarlar azdır:

"Bu gün paytaxtın müxtəlif istiqamətində fəaliyyət göstərən mağazalarda alıcılara təklif edilən geyimlərin böyük əksəriyyəti standartlara cavab vermir. Geyimlərin keyfiyyətsiz olması isə allergik və dəri xəstəlikləri, gigiyenik problemlərin yaranmasına gətirib çıxara bilər. Harada istehsal edildiyi bəlli olmayan, pambıq adı ilə satılan və heç bir standartlara cavab verməyən uşaq geyimlərinin sayı isə artmaqdadır.

Həmin malların nisbətən ucuz olması isə alıcıları cəlb edir. Təbii ki, keyfiyyət göstəricisini təsdiq edən heç bir sənəd yoxdur. Xüsusilə Çində istehsal edilən paltarların tərkibində olan formaldehit maddəsi uşaqların sağlamlığına ciddi təhlükə törədə bilər. İnsan orqanizminə ziyan vuran keyfiyyətsiz geyimlərin satılması prosesinin bu qədər artmasına səbəb isə aidiyyəti qurumların vəzifələrini layiqincə yerinə yetirməməsidir.

Burada istehlakçı hüquqları kobud şəkildə pozulur. Bu gün keyfiyyətsiz geyim əşyalarının təyini üçün müstəqil ekspertiza olmadığından, bazarlar saxta, keyfiyyətsiz mallar, o cümlədən körpələr üçün geyim əşyaları ilə dolub daşır. Valideynlər xüsusilə uşaqlar üçün pambıq materialdan olan geyimlərə üstünlük verir. Lakin etiketində pambıqdan istehsal edildiyi qeyd edilsə də paltarlarda həmin materialdan əsər-əlamət olmur.

Etiketlərin saxtalaşdırılması isə ayrı bir dərddir. Kütləvi şəkildə brend markaların saxta etiketləri məhsullara tikilərək alıcılara satılır. Xüsusən körpələr üçün alt paltarları standartlara cavab vermədiyi üçün həssas uşaq dərisində səpkilər, dəri xəstəlikləri, gigiyenik problemlər yarana bilir".