Azərbaycan şirkətlərinin istehsal məhsullar Türkiyə və Bolqarıstana ixrac olunacaq FOTO


Digərləri 14 Noy 2018 15:23:00 289 0

Azərbaycan şirkətlərinin istehsal məhsullar Türkiyə və Bolqarıstana ixrac olunacaq  FOTO

Bakı Biznes Mərkəzində Azərbaycan məhsullarının tanıdılıması və “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib

Bakı Biznes Mərkəzində Azərbaycan məhsullarının tanıdılıması və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, 4-8 noyabr tarixlərində iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində səfərdə olub. Səfər barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilionlarında təqdim olunub. Sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunub.

Diqqətə çatdırılıb ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti "Kəmər və yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi", "Ticarət və investisiya" və "Qlobal ticarət və beynəlxalq logistika" forumlarında iştirak edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu, Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo və "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə görüşüb. Bu görüşlərdə Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmi vurğulanıb, Azərbaycan-Çin iqtisadi əlaqələri və əməkdaşlıq perspektivləri barədə məlumat verilib.

Səfər zamanı həmçinin, Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşərək Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi Administrasiyasının rəis müavini Li Cinsonq ilə də görüşüb. Görüşdə Vayqaoçao Azad Ticarət Zonası, burada yaradılmış "vahid pəncərə" sistemi, tətbiq olunan qanunvericilik, gömrük, maliyyə və logistika xidmətləri, zonanın rezidentləri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, bu sahədə Çin təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Nazir Şahin Mustafayevin Çinin "Greenland" şirkətinin prezidenti Can Yulianq ilə görüşündə isə "Greenland"lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparılıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.


Xəbərə aid fotolar