Unudulmuş payız mərasimi: Kövsəc


Digərləri 14 Noy 2018 07:52:00 868 0

Unudulmuş payız mərasimi: Kövsəc

Qədim zamanlarda payız-qış dövründə fəsil dəyişikliyi və ya onun yarıya çatması ölkəmizdə, o cümlədən Naxçıvanda müxtəlif mərasimlərlə qeyd edilib. Həmin bayramlar özlərinin fərqli xüsusiyyətləri ilə diqqəti cəlb edir ki, onlardan biri də Kövsəc mərasimidir.

Son.az bildirir ki, jurnalist-tədqiqatçı Zaleh Novruzov AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində deyib ki, payızın başlanğıc dövründə ilk həyata keçirilən mərasimlərdən biri "Məhsul bayramı"dır. Qədim dövrlərdə müxtəlif xalqlar arasında, eləcə də Azərbaycanda qeyd edilən bu bayram "Mehrikan" (Mehrican) adlanıb. Məhsul (Mehrican) bayramı oktyabr ayının ikinci yarısında keçirilir. Müxtəlif mənbələrdə bu tarix nisbətən fərqlidir. Şənliklər ardıcıllıqla Çillə (qışın gəlməsi), Xıdır Nəbi və Səddə (qışın yarı olması), Novruz bayramları ardıcıllığı ilə qeyd olunur. Onlar sırasında yer alan Kövsəc isə artıq unudulan, haqqında çox az məlumatımız olan mərasimlərdən biridir. Bu mərasimin keçirilməsi haqında məlumatlara yazılı mənbələrdə çox az rast gəlinir.

Zaleh Novruzov deyib: "Kövsəc mərasiminin keçirilmə vaxtını müəyyənləşdirmək üçün bir məsələyə diqqət yetirək. Rumi təqvimində (Günəş təqvimi) qış noyabrın 8-də, yaz isə mayın 6-da başlayır. Məlumat üçün deyək ki, Rumi təqvimində yeni il martın 14-dən hesablanır və hazırda həmin təqvimə görə, 1434-cü ildir. Buradan aydın olur ki, Kövsəc noyabr ayında keçirilib".