Səbir nümunəsi – İmam Həsən


Digərləri 13 Noy 2018 23:15:00 325 0

Səbir nümunəsi – İmam Həsən

İmam Həsəni (ə) Müaviyəyə qarşı passivlikdə təqsirkar bilənlərin ittihamı tamamilə əsassızdır. Çünki imamların hər birinin şəraiti fərqli olmuşdur. Əgər Həzrət Əli (ə) öz hakimiyyətinin ilk illərində müxalifətçi qüvvələrə qarşı silahlı mübarizə aparmışdısa da, xilafətinin son illərini Müaviyə ilə sülh halında keçirməyə məcbur olmuşdu. İmam Həsənin (ə) Müaviyə ilə imzaladığı barışıq da o dövrün tələblərinə  və şəraitinə uyğun idi. Hər tərəfdən xəyanətlə əhatələnmiş İmam Həsənin (ə) bu sülhə razı olmaqdan başqa çıxış yolu qalmamışdı.

Son.az islam.az-a istinadən bildirir ki, həmçinin, bu sülhün əsas şərtlərinin qısa müddətdən sonra Müaviyə tərəfindən pozulması nəticəsində Müaviyənin iç üzü bir daha açıldı. Bununla belə, İmam Həsən (ə) ömrünün sonuna kimi sülhü pozmadı. Ondan sonra İmam Hüseyn (ə) də Müaviyənin ölümünə kimi barışığı qorudu. Çünki müqavilənin bir bəndi - Müaviyənin özündən sonra heç kimi hakimiyyətə təyin etməməsi şərti hələ pozulmamışdı. Lakin Muaviyə öldükdən sonra vəsiyyətinə əsasən oğlu Yezid hakimiyyətə keçdikdə sülhün bütün şərtləri pozulmuş oldu. Artıq İmam Hüseyn (ə) müqavilənin öz qüvvəsini itirdiyini və bununla bağlı Əhli-beytin üzərində heç bir öhdəliyin qalmadığını elan edərək, fəal mübarizəyə başladı. Peyğəmbərin İmam Həsən (ə) və İmam Hüseyn (ə) barədə buyurduğu: "Bunlar qiyam etsələr də, sakit dursalar da, imamdırlar" - hədisindən də görünür ki, İmam Həsənin (ə) seçdiyi yol düzgün idi və bu addım o həzrətin imaməti ilə ziddiyyət təşkil etmirdi.

İmam Həsən (ə) öz zəmanəsində ən gözəl əxlaq sahibi kimi tanınırdı. Xüsusilə, onun səbri və helmi dillər əzbəri idi. Rəvayətə görə, 25 dəfə piyada halda (hətta bəzi rəvayətlərə görə, ayaqyalın halda) Mədinədən Məkkəyə həccə getmişdi (bu iki şəhərin arasındakı məsafə 500 kilometrə yaxındır).

İmam Həsənin (ə) guya qadınlara hədsiz meylli olduğu barədə şayiələr həqiqətdən uzaqdır. O həzrətin övladlarının sayı barədə məlumatlar ziddiyyətlidir. İmam Həsənin (ə) 15 oğlu və 8 qızı (Vaqidi və Kəlbinin rəvayətinə görə), 16 oğlu və 14 qızı (İbn Cövzinin rəvayətinə görə), 15 oğlu və 6 qızı (İbn Şəhraşubun rəvayətinə görə), 8 oğlu və 7 qızı (Şeyx Müfidin rəvayətinə görə) olduğu barədə rəvayətlər mövcuddur.

Övladlarından Zeydin, Ümmül-Həsənin və Ümmül-Hüseynin anası Əbu Məsud Üqbə Xəzrəcinin qızı Ümmi-Bəşirdir.

Həsəni-müsənna kimi tanınan oğlunun anası Mənzur Fəzarinin qızı Xövlədir.

Ömər, Qasim və Abdullah adlı oğulların anası ümmül-vələddir (ərəblər öz sahibinə övlad bəxş etmiş kənizə ümmül-vələd deyirlər).

Əbdürrəhman adlı başqa bir oğlunun anası da ümmül-vələd təbəqəsinə aid qadın olmuşdur.