Mumbay xarabalığının uşaqları


Digərləri 13 Noy 2018 23:05:00 205 0

Mumbay xarabalığının uşaqları

Dünyanın ən böyük xarabalıqlarından olan Daravi Hindistanın maliyyə paytaxtı Mumbaydadır. Burada yaşayan bir qrup istedadlı uşaq bu xarabalıqdan dünyaya körpü salmağa çalışır. Onlar evlərində istifadə etdikləri sadə bir əşyadan gözəl səslər çıxarır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Daravi Asiyanın ən böyük xarabalığı kimi tanınır. Paytaxt Mumbayın çökəkliyindəki bu küçələr o qədər dardır ki, buranı hətta günəş şüaları belə işıqlandırmır. Bu qaranlıq, çirkli dalanın sonundakı dar pillələr uşaqları parlaq bir üfüqə doğru gedən yola aparır.

"Akorn Fondu" adlı qeyri-hökumət təşkilatı artıq 10 ildir buradakı uşaqlarla işləyir. Fondun təsisçisi Vinod Şetti: "Biz onların Daravidən çıxmalarına imkan yaratmalıyıq. Onlarda daha yaxşı həyat yaşaya biləcəklərinə dair ümid olmalıdır".

"Akorn Fondu" 2008-ci ildə buraya gələrək, plastik qablardan zərb alətləri kimi istifadə edən istedadlı uşaqları bir araya gətirməyə başladı. Yaxın zamanda "Daravi Rok" yarandı. Bir çox musiqiçi bu təşəbbüsdən heyrətə gəlib uşaqlara musiqi öyrətmək üçün buraya gəlməyə başladı. "Hər bir uşaq öz evində bu alətdə ifa edə bilər. Biz elə əşyalar seçmişik ki, onların evidə olsun. Bizim zərb alətləri kimi ilk istifadə etdiyimiz zibil vedrələri oldu" deyə, Vinod Şetti bildirir.

"Daravi Rok" hətta London da daxil olmaqla, Hindistan boyu 150 konsert proqramı ilə çıxış edib. Qrup üzvlərindən bəziləri Hind filmlərinə belə çəkilib. Bu qrupa bəzən Hindistanın məşhur ulduzları ilə də görüşmək nəsib olur. Qrupun üzvü Şaziya: "Biz Bollivud aktrisası Alia Bhattla görüşmüşük. Biz üç gün rəqs dərsləri aldıq. Mən oraya hər gün gedirdim. Vaxtımız çox şən keçdi."