Şirk nədir? Mömin necə müşrik olur?


Digərləri 13 Noy 2018 22:55:00 264 0

Şirk nədir? Mömin necə müşrik olur?

Əqidəni hər cür batildən qorumaq üçün yaxşı olar ki, mömin öz əqidəsi barəsində bəzən dinşünas insanlarla məsləhət etsin və onların nəzərini alsın. Çünki bəzən insanın doğru hesab etdiyi əqidəsi batillə qarışmış olur və o da bunu hiss etmir. Lakin, əgər vaxtında bu batil fikirlərin üstünü açmasa, ömrünün çox hissəsinin zəhmətlərini tələf etmiş olacaqdır.

"Şirk" sözünün lüğətdəki mənası "şərik qərar vermək"dir. Dinimizdə isə kimisə Allaha şərik qoşmaqdır. İmam Həsən Əsgəri (ə) gizli şirkə işarə edərək, buyurmuşdur: "İnsanların arasında şirki müəyyən etmək - gecənin qaranlığında qarışqanın daşın üzərindəki ayaq izlərini müəyyən etməkdən daha çətindir".

Şirkin növləri.

Həqiqətdə şirk - tövhid yolundan azmaq deməkdir. Bəzən bu şirk aşkar şəkildə olur və insan onu özündə hiss edə bilir. Bəziləri onu "cəli şirk" adlandırırlar. Ancaq o zaman ki, insan şirk edər və bunu başa düşməz - bu, gizli şirk adını almışdır. Gizli şirk əksər insanlarda mövcuddur, hətta möminlərdə belə.

Bəs gizli şirk haqqında Quran nə deyir?

Quran şirk haqqında çox sayda ayəyə malikdir. Gizli şirkə malik olan ayələrin birində deyilir: "Və onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (bütə, Üzeyirə, İsaya, nura, zülmətə etiqad bəsləməklə və hər hansı bir aşkar və gizlin şirkə düçar olaraq) iman gətirərlər". ("Yusif" 106). Möminlər aşkar şirkdən pak olsalar da, gizli şirkdən pak olmaq hər möminin işi deyildir.

İmam Sadiq (ə) bu haqda buyurur: "Bu, o kəsin sözüdür ki, deyər: "Əgər filankəs olmasaydı, mənim işim çətin alınardı. Əgər filankəs olmasaydı, mən filan yerə çata bilməzdim. Əgər filankəs olmasaydı, ailəm giriftar olardı...". Məgər görmürsənmi ki, bu cür insanlar Allaha hökumətində şərik qoşurlar ki, o şərik onlara ruzi verir?! Ziyanı onlardan dəf edir?!".

Hədisi nəql edən deyir: "Bəs əgər bu cür desə: "Əgər Allah Təala filankəsin vasitəsilə mənə minnət qoymasaydı, həlak və giriftar olardım?"".

Buyurur: "Bəli. Bu cür sözlərin çətinliyi yoxdur".

Ona görə də deyə bilərik ki, biz müsəlmanlar gərək hər sözümüzə diqqət edək, əks halda gizli şirk imanımızı duzun suda əritdiyi kimi əridəcək və bir ömür zəhmətlərimizi hədər edəcəkdir.

İmam Cavad (ə) gözəl hədislərin birində buyurur: "Hər kim (hər) danışana qulaq asarsa, həqiqətən ona pərəstiş etmiş olar. Əgər danışan Allah tərəfindən olarsa, həqiqətdə Allaha pərəstiş etmiş olar. Əgər İblisin dili ilə danışsa, həqiqətdə İblisə pərəstiş etmiş olar".