Ekspert: "Qarabağ məsələsində Makrondan obyektivlik gözləməyə dəyməz"


Siyasət 13 Noy 2018 19:02:00 268 0

Ekspert: "Qarabağ məsələsində Makrondan obyektivlik gözləməyə dəyməz"

Fransanın Cənubi Qafqazdakı siyasəti onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin obyektiv və sülh yolu ilə nizamlanmasında maraqlı olmasını sual altında qoyur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə politoloq, siyasət elmləri üzrə fəlsəfə doktoru Zaur Məmmədov deyib.

Z.Məmmədovun sözlərinə görə, Fransa Azərbaycan üçün ilk növbədə ATƏT Minsk qrupunun həmsədri kimi maraq kəsb edir:

"Makronun Yerevanda Frankofoniya sammitində iştirak etməsi, amma Azərbaycana gəlməməsi Parisin ikili standartlar siyasətini nümayiş etdirir. Azərbaycan öz növbəsində ATƏT Minsk qrupu ölkələrindən, o cümlədən Fransadan Qarabağ məsələsində obyektiv mövqe gözləyir. Paris sülh forumunda iştirak dəvətini qəbul etməməklə dövlətimizin başçısı Fransanın bu siyasətinə münasibətini nümayiş etdirdi".

Z.Məmmədov bildirib ki, Fransada Azərbaycanın milli maraqlarının hər şeydən üstün tutulduğunu başa düşməlidirlər:

"Parisdə forumda ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarovun təmsil etməsi onu bildirir ki, Azərbaycan beynəlxalq etiket normalarına riayət edir. Fransa liderindən fərqli olaraq ABŞ və Rusiyanın yüksək vəzifəli şəxsləri regiona səfər edərkən həm Azərbaycana, həm də Ermənistana gedir. Bu cür yanaşma diplomatik baxımdan obyektiv və məntiqlidir, çünki həm ABŞ, həm də Rusiya ATƏT Minsk qrupunun həmsədrləridir".

Politoloq əlavə edib ki, Fransa prezidenti bu vəziyyətdən düzgün nəticə çıxarmalıdır:

"Fransada güclü erməni lobbisi prezident və parlament seçkiləri zamanı namizədləri maliyyələşdirir. Ona görə də indiki Fransa prezidentindən obyektivlik gözləməyə dəyməz".

Son.az