“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb


Digərləri 13 Noy 2018 18:26:00 241 0

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən DOST Agentliyinin və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində xidmətlər göstərəcək "DOST" mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb.

Son.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən, 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan xərclərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində xidmətlər göstərəcək "DOST" mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, bundan əvvəl də dövlət başçısının 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə Agentliyin fəaliyyətinin təşkili, "DOST" mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılmışdı.

"DOST" layihəsinin uğurlu icrasına yönələn bu sərəncamlar əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin "bir pəncərə"dən operativ, şəffaf və nəzakətli, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasının dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.