Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,8 milyon sərnişinə xidmət göstərib


Digərləri 13 Noy 2018 15:36:00 421 0

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,8 milyon sərnişinə xidmət göstərib

2018-ci ilin on ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 3,8 milyon sərnişinə xidmət göstərib.

Bakı. 2018-ci ilin on ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 3,8 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Hava Yolları” (AZAL) Milli Aviadaşıyıcısı tərəfindən 1 milyon 628 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkəti tərəfindən isə 382 min sərnişin daşınıb. İlin əvvəlindən beynəlxalq reyslərdə ümumilikdə 3,28 milyon sərnişinə (ümumi sərnişin axınının 86 faizi) xidmət göstərilib. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,6 faizi isə “Buta Airways”in payına düşüb. Oktyabr ayında beynəlxalq sərnişin axını üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olmuşdur. Bu aviaşirkətlər tərəfindən ümumilikdə 123 min sərnişinə xidmət göstərilib.