Xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür


Digərləri 13 Noy 2018 14:05:00 234 0

Xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür

Bakıda Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində "Bir Sağlamlıq" yanaşması mövzusunda "dəyirmi masa" keçirilib.

Son.az Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, antibiotiklər qlobal sağlamlıq üçün artmaqda olan ciddi təhlükədir və onunla əlaqədar tədbirlərin görülməsi zəruri hala çevrilib. Bir çox bakteriyalara davamlı yoluxmanın nəticəsində hər il dünyada 70 min, Avropada isə 33 min nəfər həyatını itirir. Bu problemlər "dəyirmi masa"da geniş müzakirə olunub.

Tədbiri Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı ofisinin rəhbəri xanım Fatoş Hande Harmancı açaraq antibiotiklərin sağlamlıqdakı rolundan və ondan düzgün istifadə barədə məlumat verib.

DST-nin Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova qeyd edib ki, insan, heyvan və ətraf mühit bir-biri ilə sıx əlaqədədir və antibiotiklərin zərərli təsirinə qarşı bu üç amilin birgə mübarizəsi tələb olunur. Onun verdiyi məlumata görə, xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür. Məhz bu səbəbdən həkimlər, baytarlar, həmçinin ictimaiyyət nümayəndələri öz səylərini birləşdirməlidir.