"Nərimanov" elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur


Digərləri 13 Noy 2018 10:25:00 329 0

"Nərimanov" elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

"Bakı Metropoliteni" QSC-nin "Nərimanov" elektrik deposunda aparılan yenidənqurma işləri qatarların texniki-baxış qanovlarında davam etdirilir.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" elektrik deposunda aparılan yenidənqurma işləri qatarların texniki-baxış qanovlarında davam etdirilir. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, son illərdə metropolitenin yeganə elektrik deposu texnoloji cəhətdən sürətlə dəyişməkdədir: "Buna qədər yeni nümunəvi anbar təsərrüfatı sahəsi, elektrik yarımstansiyası, qatarların əsaslı təmiri sexi kimi əhəmiyyətli sahələr yaradılıb. Yaxın gələcəkdə isə "Thales" şirkətinin iştirakı ilə işarəvermə avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək. Yeni sistemlərin qoşulması ilə dispetçer mərkəzləşmə məntəqəsinin tamamilə yeni əsaslarla qurulması işləri də aparılır. Məntəqənin yerləşəcəyi binanın inşası artıq başa çatmaq üzrədir. İşlər lokomotiv təsərrüfatında davamlı olaraq aparılır. Hazırda 3 saylı cari təmir sexinin yenidən qurulması işləri aparılıb. Sex döşəməsindən damına qədər müasir standartlar səviyyəsində əsaslı təmir olunaraq yenilənib, əmək şəraiti optimal iş ardıcıllığına uyğun qurulub, işçilərin sosial-məişət şəraiti yeni tələblər səviyyəsinə çatdırılıb, əl əməyini ən minimal həddə çatdıran yeni tipli avadanlıqlar alınaraq quraşdırılıb". İstismara verildiyi 50 ildən artıq vaxt ərzində əsaslı təmir-bərpa işləri aparılmayan qatarlara texniki baxış sahəsi olan qanovlarda davam etdirilir. Qatarlara baxış və təmir işlərinin böyük hissəsinin vaqonaltı avadanlıqlarla bağlı olduğunu nəzərə alsaq, yenidənqurma tədbirləri əmək şəraitinin yaxşılaşdırılması istiqamətində daha bir əhəmiyyətli yenilik kimi diqqəti çəkir. Bu, qatarların əsas dayanacaq yeri olan qanovlarda texniki baxış və təmirin keyfiyyətində də özünü büruzə verəcək.