Vüsal Kərimli: Bakıda sürücü və avtobus çatışmazlığı var


Digərləri 13 Noy 2018 10:07:02 295 0

Vüsal Kərimli: Bakıda sürücü və avtobus çatışmazlığı var

Bu gün Bakının şəhərdaxili marşrutlarında sürücü və avtobus çatışmazlığı var.

Bakı. Samir Əli - Bu gün Bakının şəhərdaxili marşrutlarında sürücü və avtobus çatışmazlığı var. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. V.Kərimli bildirib ki, Bakıda təqribən 2100 avtobus fəaliyyət göstərir, sürücü sayı isə buna adekvat deyil: "Sürücü saat 06:00-da işə başlamaq üçün saat 05 radələrində qaraja gəlməlidir. Qarajda onun tibbi yoxlanışı həyata keçirilməlidir. Mən “BakuBus” MMC-də həyata keçirilən müvafiq prosesdən danışıram. Bundan sonra sürücü avtobusu mexanikdən təhvil almalı və müvafiq sənədləri yoxlandıqdan sonra xəttə çıxmalıdır. Bir sürücü isə 8 saatdan artıq çalışa bilməz. Biz bu əmsalla hesablasaq, xətlərdə olan avtobusları idarə etmək üçün 5 min sürücü lazımdır. Daşıyıcılarda olan mövcud sürücü sayı isə buna adekvat deyil. Sürücü Təlim Mərkəzində yenidənqurma işləri bitdikdən sonra, gələn ildən etibarən sürücüləri praktiki təlimlərə cəlb edəcəyik". BNA rəhbəri qeyd edib ki, Bakıda bəzi marşrut xətlərində avtobus qıtlığı da var: “Mövcud marşrutlara nisbətdə avtobusların sayı yetərsizdir. Daşıyıcının maddi marağı var, o da istəyir ki, daha çox avtobusla daha çox gəlir götürsün. Amma zəruri sayda avtobusa malik deyil. Bəzi marşrut xətləri 24-ə yaxın avtobus tələb edir, amma faktiki olaraq 20 avtobusu var. Bəzən vətəndaşlardan müraciətlər daxil olur ki, bu avtobusları xətdən çıxardın, “BakuBus”a verin. “BakuBus”un avtobusları nəzərdə tutulmuş xətlər üçün ayrılıb".