Vyanada sosial marketlərin sayı getdikcə artır


Dünya 12 Noy 2018 23:05:00 244 0

Vyanada sosial marketlərin sayı getdikcə artır

Avstriyanın paytaxtı Vyana şəhərində əhalinin yoxsul təbəqəsinin alış-veriş etdiyi sosial marketlərin sayı getdikcə artmaqdadır. Artıq şəhərdə ərzaq və gündəlik tələbat mallarının bazar qiymətlərindən üç dəfə ucuz satıldığı bu cür marketlərin sayı on üçə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gündən-günə bahalaşan yaşayış xərcləri aşağı gəlirli və çoxuşaqlı ailələri tez-tez bu marketlərə üz tutmağa vadar edir. Şəhərin müxtəlif rayonlarında yerləşən marketlərdə 45 minədək müştəri qeydiyyatdadır. Burada onlara istifadə müddəti bitməkdə olan, həddən artıq sifariş verilmiş və ya qablaşdırılma qüsuru olan məhsulları ucuz qiymətə almaq imkanı yaradılır.

Çörək, meyvə-tərəvəz, yarımfabrikat qida, süd məhsulları və gigiyena mallarının xüsusi endirimlə satıldığı marketlərdə hər il orta hesabla üç min yeni müştəri qeydiyyata alınır. Qeydiyyatdan keçmək üçün müştərinin maliyyə vəziyyətini əks etdirən sənədlər müvafiq marketin müdiriyyətinə təqdim olunur və müştəri kartı açılır.