Bərdədə istixana yaradılıb (FOTO)


Digərləri 12 Noy 2018 18:57:00 351 0

Bərdədə istixana yaradılıb (FOTO)

Kənd Təsərrüfatı Nazirliyi əhalinin məşğulluğunu təmin etmək və gəlirlərini artırmaq məqsədilə icma əsaslı istixana layihəsinin icrasına başlayıb.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi əhalinin məşğulluğunu təmin etmək və gəlirlərini artırmaq məqsədilə icma əsaslı istixana layihəsinin icrasına başlayıb. Layihə Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində həyata keçirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Bərdə rayonunun Yeni Daşkənd kəndində yaradılan istixana istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Kənd İnvestisiya Layihəsinin həyata keçirildiyi kəndlərin bələdiyyə sədrləri və sakinlər iştirak ediblər. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, istixana layihəsi geniş icma yığıncağında icma üzvləri tərəfindən təhlil nəticəsində müəyyən edilərək seçilib. Bu layihə icma üzvləri tərəfindən idarə edilir və əldə olunan gəlir üzvlər arasında bölünəcək. Müəssisədə 6 nəfər icma üzvü daimi, 9 nəfər isə mövsümi işlərə cəlb olunacaq. Burada tərəvəz məhsullarının istehsalı üzrə təkmil təsərrüfat təcrübəsi həyata keçiriləcək, damcı suvarma sistemi, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktiki tədbirlər tətbiq ediləcək.