“CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmi nümayiş etdiriləcək


Digərləri 12 Noy 2018 18:01:00 365 0

“CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmi nümayiş etdiriləcək

"CinemaPlus" kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX "START" Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin "Üç üz" filminin Azərbaycan premyerası baş tutacaq.

Son.az xəbər verir ki, 71-ci Beynəlxalq Kann kinofestivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi olmuş film yalnız bir gün- 16 noyabr saat 19:00-da ekskluziv olaraq "CinemaPlus Gənclik Mall"da nümayiş olunacaq.

Azərbaycan əsilli iranlı kinorejissorun yeni filmi patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir. Filmdə həyatının müxtəlif etapını yaşayan üç iranlı aktrisanın portreti yaradılıb. Onlardan biri karyerasını yarımçıq başa vurub, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə aktrisa olmaq arzusundadır. Amma mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Gənc qız dəstək almaq məqsədilə ölkənin məşhur aktrisasına müraciət edir. Aktrisa kinorejissor dostu ilə birgə qızın yaşadığı kəndə yola düşür.

Filmdə əsas rolları İranın tanınmış aktrisası Bəhnas Cəfəri və Cəfər Pənahinin özü ifa edir. Əslən azərbaycanlı olan rejissor digər filmlərində olduğu kimi bu ekran əsərində də ana dilinə geniş yer verib. Ölkəsində ev dustaqlığına məhkum edilən sənətkara 20 il ərzində film çəkmək qadağası da qoyulub. Buna baxmayaraq, "Üç üz" filmi rejissorun cəza kəsiləndən sonra çəkdiyi sayca dördüncü filmidir. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan rejissor müsahibələrinin birində deyir: "Kinematoqrafçının film çəkməməsi onun zindanda olmasına bərabərdir".     

"START" Beynəlxalq Qısa Filmlər Festivalı və "CinemaPlus"un əməkdaşlığı ilə reallaşacaq "Üç üz" filmin nümayişinə giriş 5 azn təşkil edəcək.