Tələbə-jurnalistlərlə görüş olub (FOTO)


Digərləri 12 Noy 2018 16:55:00 297 0

Tələbə-jurnalistlərlə görüş olub (FOTO)

QHT Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri gənc həmkarlarını peşəkar tələblərə əməl etməyə, dövlət maraqları və xalqın milli-mənəvi dəyərlərini qorumağa, fəaliyyətlərini bu prinsiplər əsasında qurmağa çağırıb.

Bakı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılan “Gənc jurnalistlər” Klubunda “Tədrisdən təcrübəyə” layihəsi çərçivəsində tələbələrlə görüşüb. Fonddan Trend-ə verilən məlumata görə, E.Behbud görüşdə Xalq Cümhuriyyətinin qurulması və 70 ildən sonra müstəqilliyin bərpası zamanı mətbuatın maarifləndirici missiya daşıyaraq proseslərin müsbət sonluqla nəticələnməsinə böyük töhfələr verdiyindən söz açıb. QHT Şurasının bölmə rəhbəri bildirib ki, XIX əsrin son onilliklərində təşəkkül tapan maarifçilik hərəkatı məhz mütəfəkkir düşüncəli yazarların qəzetlərdə cahilliyə, əsarətə qarşı yazıları ilə geniş insan kütlələrinə təsir edə bildi. Bu davamlı maarifçilik hərakatı, qələm mübarizəsi nəhayət 1918-ci ildə müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin Azərbaycanda qurulmasına gətirib çıxardı. Bu, jurnalistikanın ən böyük xidmətidir. Mətbuat həmçinin dövlətçiliyin inkişafı naminə bütün sahələrdə başlanan islahatların təbliğatçısına çevrildi. SSRİ dağılandan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsində xalqın genetik yaddaşı mühüm rol oynadı. Tarixi gerçəkliklərin unudulmadan bu günümüzə gəlib çatmasında, insanlarda müstəqil dövlətə sahiblənmək arzusunun yaranmasında jurnalistlərin əməyi danılmazdır. E.Behbud müasir mətbuatın üzərində senzuranın olmadığını, KİV-in tam müstəqil fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman barəsində də danışıb. Bu fərmanla bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamın qüvvədən düşdüyünü deyib. Natiq onu da vurğulayıb ki, müstəqil mətbuatın inkişafı ilə bağlı Prezident İlham Əliyev fərmanlar, sərəncamlar imzalayır, qərarlar verir, KİV təmsilçilərinə dəyərli tövsiyələr ünvanlayır. Jurnalistlər üçün tikilən ikinci binanın təqdimat mərasimində Prezidentin səsləndiridyi “Jurnalistlər mənim köməkçilərimdir” fikri dövlət başçısının KİV-ə yönələn diqqət və qayğısının bariz nümunəsidir.