Los Ancelesdə "Əbədi ezamiyyət" filminin ABŞ premyerası keçirilib FOTO


Kriminal 12 Noy 2018 10:47:00 290 0

Los Ancelesdə "Əbədi ezamiyyət" filminin ABŞ premyerası keçirilib  FOTO

ABŞ Kaliforniya ştatının Los Anceles şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Son.az-a verilən məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun dəstəyilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın icraçı prodüseri olduğu, 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən "Əbədi ezamiyyət" filmi nümayiş etdirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun Los Ancelesin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində keçirdiyi tədbirdə seçkili orqanların nümayəndələri, xarici ölkələrin baş konsulları, müxtəlif icmaların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol (Matt Ball) qonaqları salamlayaraq, bu cür mühüm tədbirə evsahibliyi etdiklərindən məmnun olduğunu bildirib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev öz çıxışında 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan AXC-ni yaratdığını və bu cümhuriyyətin müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib. "Əbədi ezamiyyət" filmi haqda məlumat verən N.Ağayev, ilk azərbaycanlı diplomatların Azərbaycanın müstəqilliyinin tanıdılması sahəsində göstərdikləri fədakarlıqları yüksək peşəkarlıqla tamaşaçıya çatdıran bu filmin böyük sənət əsəri olduğunu qeyd edib.