Xorvatiya şimaldan cənuba: Split FOTO


Digərləri 12 Noy 2018 07:00:00 219 0

Xorvatiya şimaldan cənuba: Split  FOTO

Son.az AZƏRTAC-a istinadən yazını təqdim edir.

Qədim zamanlarda - 305-ci ildə Roma imperatoru Diokletian Adriatik dənizi sahilində özünün yeni sarayının tikintisi üçün yer seçməyə qərar verir. Gələcəkdə Split adlanacaq şəhərin əsası da məhz belə qoyulur. Zamanla şəhər böyüyür və çoxlu sayda yeni tikililəri ilə yeni görkəm alır. Lakin imperator sarayı bu gün də Splitin ən möhtəşəm binası olaraq qalır. Onun qalın divarları "Taxt-tac oyunları" serialının bir sıra səhnələrinin çəkiliş meydançası olub və indi bu məkan tarixi film həvəskarlarının axınına uğrayır.

Əlverişli iqlimi və yerləşdiyi məkan, habelə gülərüz insanları Spliti Xorvatiyanın ən çox turist cəlb edən şəhərinə çevirib.

Diokletian və ya imperator sarayının sirləri

Splitlə Xorvatiyanın paytaxtı Zaqrebi 400 kilometrlik məsafə ayırır, həmin vaxt bizim olduğumuz Şibenikdən isə bu şəhərə 1,5-2 saatlıq yol var. Şəhərin girişində bizi qalın palma ağacları əkilmiş və gözəl buxtası olan dənizkənarı park qarşılayır. Burada Spliti çoxsaylı adalarla birləşdirən bərələr və kruiz laynerləri sıx cərgə ilə düzülüb. Bu şəhər Adriatik marşrutu üzrə vazkeçilməz məntəqədir və İtaliya və Yunanıstan şəhərlərindən gələn gəmilər Xorvatiya sahillərinə böyük turist axınını təmin edirlər.

Əlbəttə, turistlər ilk növbədə Köhnə şəhərin özəyi olan Diokletian sarayına can atırlar. Onlar tarixdə nadir hallarda rast gəlinən saray ətrafında salınan şəhəri görmək imkanı əldə edirlər. Lakin bu, Diokletianın öz sarayını boş ərazidə tikdiyi anlamına gəlmir. Əslində, o zamanlar bu ərazilər müasir Splitdən təxminən 8 kilometr şimalda yerləşən və Roma imperiyasının Dalmatsiya əyalətinin paytaxtı olmuş Salona şəhərinə aid olub. Deyilənlərə görə, Salona Diokletianın vətəni olub və imperator buraya ahıllıq illərini sakit keçirmək üçün gəlib. Taxt-tacdan imtina etdikdən sonra o, burada 8 il - dünyasını dəyişənədək yaşayıb.

Saray qonşu Braç adasından gətirilmiş yüksək keyfiyyətli ağ əhəngdaşından inşa olunub. Bəzək üçün materiallar - Misirin qranit sütunları, sfinkslər, üzlük mərmərlər və s. imperiyanın digər yerlərindən gətirilib. Kompleks hərbi düşərgə və dəbdəbəli villadan ibarətdir, həmçinin burada saraya üç tərəfdən girişi təmin edən darvazalar və monumental divarlar mövcuddur. Dəniz tərəfdən isə yalnız kiçik bir keçid qoyulub. Sarayın girişindəki əsas darvazalar Qızıl və Gümüş olaraq adlandırılıb.

Sarayın enli divarlarında Splitin müxtəlif tarixi-mədəni tikililəri, o cümlədən orta əsərlərdə xristian baptistlərinin ibadətgahı olan Yupiter Məbədi və keçmiş imperator türbəsinin əsasında tikilən Kafedral kilsə yerləşir.

Kompleksin "peristil" adlanan həyəti dünyanın ən möhtəşəm və unikal tarixi ərazilərindən biridir. Hazırda bu yer kiçik və rahat meydana çevrilib.

Sarayın ehtiyacları üçün suyu Salonanın yaxınlığında yerləşən Yadro çayından götürürdülər. Splitdən Salonayadək yolboyu XIX əsrdə bərpa olunmuş orijinal akvedukun qalıqları görünür.

Diokletian sarayı Xorvatiyanın Adriatik dənizi sahillərində ən məşhur və möhtəşəm tarixi-memarlıq əsəridir. Bu kompleks, həmçinin sarayın ətrafında yaradılmış Splitin bütün tarixi mərkəzi UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.

"Taxt-tac oyunları", qalstuk və qurbağa pəncələri