Zamirənin itinə baxan qadını həyəcanlandıran önəmli səbəblər... REPORTAJ FOTO


Digərləri 11 Noy 2018 15:23:00 276 0

Zamirənin itinə baxan qadını həyəcanlandıran önəmli səbəblər...  REPORTAJ  FOTO

"İti mənə təcili vermələrindən nəsə baş verdiyini anlamışdım. Nə olub xanıma, o yaxşıdır?", - deyə 8 il Zamirə Hacıyevanın "Pomerants" cinsindən olan itinə baxan qadın soruşur.

Özünün dediyinə görə, o, mütəmadi olaraq iti gəzdirmək üçün evə gəlir, əvəzindəsə, hər saat üçün 15-20 pound alır. Deyir ki, son zamanlarda itə daha çox baxmağına görə heç artıq pul da almayıb. "Çox yaxşı qadındır", - deyə o, əlavə edir.

Əlbəttə ki, onun "Harrods"dan və xərclənən 16 milyondan xəbəri yoxdur. Heç bizim bunu ona deməyə vaxtımız da olmur. "Elə bilərlər ki, sizə məlumat verirəm", - deyir birdən-birə və yanında gəzdirdiyi başqa bir evə aid olan iti götürərək, sürətli addımlarla bizdən uzaqlaşır.

Yanımda 1993-cü ildən müxtəlif Britaniya nəşrlərində fotoqraflıq edən Peter bu sahədə daha təcrübəsiz olduğum üçün mənə izahat verir: "Bax lazım olanda biz belə şeyləri də xəbərin altında yazırıq. Bunu yazsaq, böyük ehtimalla qadının işinə son verəcəklər. Ancaq nə etmək olar, bu, jurnalistikadır, biz öz işimizi görürük. İnsanlardan bu şəkildə məlumat qopardırıq".

Son.az musavat.com-a istinadən xəbər verir ki, qadınla söhbəti başladan elə Peter olur. Ona çəkdiyi şəkli göstərir, qadın çox bəyənir, emailinə atmağını istəyir, ancaq o, birdən-birə fikrindən daşınıb, uzaqlaşır.

Londonun məşhur "Harrods" alış-veriş mərkəzinə üç dəqiqəlik yerimə məsafəsindəki Zamirə Hacıyevanın evinin qarşısındayam. Daha doğrusu, evlərinin... Yan-yana iki evə sahibdir Zamirə Hacıyeva bu bahalı küçədə...

İnsanın əvvəlcə heyrətlənməyi gəlir, yəni, həqiqətən, də iki ev? Sonra isə düşünürsən ki, niyə də yox? 16 milyonu "Harrods"da xərcləməyə imkanı olan şəxsin niyə də yan-yana iki evi olmasın?

Yanımda mənimlə birgə gözləyən 3 ingilis jurnalistlə söhbət edirik, ara-sıra... Onlar ilk dəfədir ki, azərbaycanlı jurnalist görürlər. Azərbaycan haqqında eşitsələr də, ölkəmizin xəritədə tam harda olması haqqında suallar verirlər, oradaki həyat barədə soruşurlar.

Mən də ilk dəfə belə qapılarda saatlarla gözlədiyim üçün onlardan məni maraqlandıran suallar soruşuram. Jurnalistlərdən biri "Daily Telegraf"da işləyir, biri müxtəlif qəzetlərə çəkdiklərini satır.

Əvvəlcə itini gəzdirərkən Zamirə Hacıyevanın fotolarını necə çəkdikləri ilə maraqlanıram. Peter deyir ki, həmin gün ancaq bir fotoqraf fotonu çəkə bilib: "Həmin fotoqraf yemək üçün maşına getmişdi, digər iki fotoqraf da kənarda bir-birlərinə nəsə göstərirdilər. Onlar Zamirənin gəldiyini görməyiblər. Maşının içindəki fotoqraf elə sakitcə həmin fotonu çəkib. Həmin gün ondan başqa bütün fotoqraflar əliboş qayıdıblar".

İngilis fotoqrafın avtomobilin içərisindən çəkdiyi foto...

Mənimlə birgə pusquda olan ingilis jurnalistlərin günlük məvacibinə gəlincə isə, "freelance" olaraq işləyənlər hər gün üçün 60-70 pound alır. Həmin gün foto çəksələr də, çəkə bilməsələr də...

Mənim geyim tərzimin səhv olduğunu, əynimə geyindiyim paltarın, ayaqqabının, gödəkcənin isə soyuq keçirdiyini başa salır, Peter... Elə bir saat gözləməmiş, ayağımdan gələn soyuqla Peterin nə demək istədiyini başa düşürəm.

Ümumiyyətlə, Peter jurnalistlərin arasında ən çox danışanı çıxdı, o birilərlə bir neçə kəlimə danışırq. Görünür, Peter, uzun müddət soyuqda obyekt gözləməyi belə ötüşdürür, öz aləmində... Yolda bizi əlimizdə fotoaparatlarla görən insanların burada hansı məşhurun yaşaması haqqındaki suallarını da elə hər dəfə öz üslubunda maraqlı bir şəkildə cavablandırır. Mənə isə, aparatım haqqında yaxşı məsləhətlər verir, bir az da "doorstepping" haqqında danışır. Yəni qapı ağzında gözləmək taktikası barədə...

Mənə maraqlı gəlir, görəsən, onun çox yox, bir milyon poundu olsa, nə edərdi? "Əminəm ki, gedib, "Harrods"dan özünə bahalı saatlardan alardın", - deyə zarafatlaşıram.