Birinci Dünya müharibəsinin başa çatmasından 100 il ötür


Dünya 11 Noy 2018 13:35:00 336 0

Birinci Dünya müharibəsinin başa çatmasından 100 il ötür

Noyabrın 11-də bəşər tarixində ən qanlı müharibələrdən olan Birinci Dünya müharibəsinin başa çatmasının 100 ili tamam olur.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1918-ci il noyabrın 11-də saat 11-də Fransanın Kompeyn meşəsindəki zirehli qatarda Almaniya imperiyası ilə Antanta dövlətləri arasında atəşkəs müqaviləsinin imzalanması ilə Birinci Dünya müharibəsi rəsmən başa çatıb.

Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları, Bolqarıstandan (1915-ci ildən) və digər dövlətlərdən ibarət ittifaq dövlətləri ilə Böyük Britaniya, Fransa, Rusiya, Serbiya və onların müttəfiqlərindən ibarət Antanta dövlətləri arasında baş verən ilk dünya müharibəsində ümumilikdə 70 milyon insan səfərbər olunub. Dünyada 40-dan çox dövlətin qoşulduğu bu müharibədə təxminən 10 milyon insan həlak olub, 50 milyondan çox insan yaralanıb və itkin düşüb.

Birinci Dünya müharibəsi Antanta dövlətlərinin qələbəsi ilə başa çatıb. Müharibə nəticəsində dünyanın siyasi xəritəsi xeyli dəyişdirilib, yeni dövlətlər yaranıb. Bu dövlətlərdən biri də 1918-1920-ci illərdə yaşamış Azərbaycan Xalq Cümhuriyyəti olub.

İlk dünya savaşı böyük dövlətlər arasındakı ixtilafları həll etmədi. Nəticədə ondan daha böyük və qanlı olan İkinci Dünya müharibəsi (1939-1945) baş verib.

Rusiyada yaşayan müsəlmanların, o cümlədən azərbaycanlıların rəsmən orduya çağırılmamalarına baxmayaraq, yüksək təbəqəyə məxsus şəxslərdən könüllü olaraq ordu sıralarına 200-dən çox azərbaycanlı qoşulmuşdu. Bunlardan 200 azərbaycanlı zabit Birinci Dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları bu qəbildən idilər.