Komissiya sədrinin müavini: Müasir Azərbaycan ədəbi dilindən düzgün istifadə edilməməsi narahatlıq doğurur


Digərləri 11 Noy 2018 08:30:00 269 0

Komissiya sədrinin müavini: Müasir Azərbaycan ədəbi dilindən düzgün istifadə edilməməsi narahatlıq doğurur

Komissiya sədrinin müavini: Müasir Azərbaycan ədəbi dilindən düzgün istifadə edilməməsi narahatlıq doğurur

Bakı. Elçin Mehdiyev – Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi narahatlıq doğurur. Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib. O qeyd edib ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər: “Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran problemlərin həllində mühüm missiya daşıyır”.