Uşaqlar niyə sinir krizi keçirir?


Digərləri 10 Noy 2018 22:15:00 239 0

Uşaqlar niyə sinir krizi keçirir?

Küçədə, bazarda, parkda, evdə uşaqların özlərini ora-bura çırparaq ağlaması, qışqırıb-bağırması, yanındakıları yumruqlaması hallarına tez-tez rast gəlinir. Valideynlər çarəsizliklə uşağın sakitləşməsini gözləyir, bir yandan da uşağın özünə və başqalarına zərər verə biləcəyindən ehtiyat edirlər. Əslində, bu, inkişaf etmiş hər hansı vəziyyətin pik nöqtəsidir. Uşağın krizinə girməyinin səbəblərini araşdırsaq, nəticəni anlaya və bəlkə də krizin qarşısını ala bilərik.

Uşaqlar inkişaf dönəmində olurlar. Onların maraqları günü-gündən inkişaf edir, öyrənmək istəyirlər, hər yerə və hər şeyə təcrübəçi gözü ilə baxırlar. Yer kürəsi sanki onların oyun meydançasıdır. Həyat onlar üçün qayda-qanunları olmayan, təcrübə və heç nəyə baxmayaraq oynadıqları bir oyundur.

Vaxt keçdikcə ailə ilə başlayıb əhatə dairəsi ilə genişlənən mühitdə qayda-qanunlar yaranmağa başlayır. Bu zaman oyunun dadı qaçır və uşaq nəticədə qaydaların olduğunu qəbul edir. Qaydaları pozmağa çalışır, oyunu idarə etmək istəyir, lakin maneələrlə qarşılaşır.

Ətraf aləmlə tanış olmazdan əvvəl hər dediyi yerinə yetirilən, istək və arzuları tez bir zamanda reallaşan uşaq sosiallaşdıqca hər şeyi qurdalamağa başlayır və bu zaman valideynlərin narahatlıqları da artır. "Dayan", "etmə", "eləmə", "qaçma", "vurma", "qırma" kimi sözlər və əmrlər çoxalır, cəzalar verilməyə başlayır.

3-4 yaşına qədər uşaqlar qaydalara riayət etmə mövzusunda ailə daxilində baş verənləri yansıdırlar. Həddən artıq qoruyucu ailələrdə böyüyən və səhv edə bilmək şansı olmayan, qarşısındakı maneələr aradan qaldırılan, yıxılan zaman o saat ayağa qaldırıldığı üçün valideynlərindən asılı olan uşaqlar istədikləri yerinə yetirilmədikdə bunu qəbul etmək istəmirlər.