Başın ağrıyır, iştahan yoxdur, gərginsən


Digərləri 10 Noy 2018 22:07:00 202 0

Başın ağrıyır, iştahan yoxdur, gərginsən

Son vaxtlar cəmiyyətdə qəribə tendensiya yaranıb. Bir qədər əsəbi olan, gərginlik hiss edən, başı ağrıyan, iştahası belə olmayan hər kəsə həkimlər nevroz diaqnozu qoyur. Hələ üstəlik saysız-hesabsız dərman preparatları da təyin edir.

Maraqlıdır, cəmiyyəti ağuşuna alan bu nevroz bəlası nədir? Yəni vəziyyət o qədər ciddidir?

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov bütün bu suallara aydınlıq gətirib.

- Qalib həkim, bu gün, demək olar ki, hamı nevrozdan şikayət edir. Nədir nevroz?

- Xəstəliklərin beynəlxalq təsnifatında "nevroz" adlı xəstəlik yoxdur. Lakin insanlar çox zaman əsəb sistemindəki bəzi pozğunluqları nevroz adlandırırlar. Bu pozuntuların müxtəlif formaları var və çalışacam ki, onlar haqqında sizlərə ətraflı məlumat verim. Ümumiyyətlə, əsəblərin pozulması halları çox geniş yayılıb. Gündəlik həyatımızda yaranan həddən artıq gərginlik, istirahətimizi düzgün təşkil edə bilməməyimiz, problemlər, bir sıra sosioloji konflikt, şəxsi həyatda müvəffəqiyyətsizlik, uğursuzluq çox həssas olan sinir sisteminə psixo-travmatik təsir göstərir.

- Nevroz daha çox kişilərdə yayılıb, yoxsa qadınlarda?

- Sizin təbirinizlə desək, nevroz kişilərə nisbətən qadınlar arasında daha çox yayılıb. Xüsusilə, vaxtından tez baş verən klimaks dövründə qadınlarda "klimakterik nevroz" adı ilə məşhur olan pozğunluq müşahidə olunur. Görünür, qadınlar arasında əsəblərin pozulmasının daha çox yayılması mental dəyərlərlə və yaşadığımz patriarxal cəmiyyətlə əlaqədardır.

- Əsəblərin pozulmasının hansı növləri var?

- Nevrasteniya növü var, yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı, astenik, depressiv sindrom və zəifləməkdən ibarətdir. Xəstə çox kiçik, əhəmiyyətsiz bir şeydən tez hirslənir. Ucadan danışmaq, qapının çırpılması, yazı qələminin səsi, su kranının şırıltısı, ətrafdakıların az, yaxud çox danışması xəstəyə pis təsir göstərir. Nevrasteniyaya tutulmuş adam ümumi yorğunluqdan, zəiflikdən, iş qabiliyyətinin azaldığından şikayətlənir, tez kövrəlir, başı ağrıyır. Bəzən xəstə başının sıxıldığını hiss edir. Ən çox yuxu pozğunluğu olur, xəstə yata bilmir. Yatağa uzandıqda yuxulaya bilməyəcəyindən qorxur, yuxusu çox səthi olur, qorxulu yuxular görür. Odur ki, xəstə səhər yuxudan qalxdıqda çox əzgin, yorğun və əsəbi olur. Günün ikinci yarısında xəstənin vəziyyəti yaxşılaşır, lakin yuxu hissi olmur. Yaxşı yatmaq üçün yatağa gec uzanır, buna baxmayaraq, yenə də çətinliklə yuxuya gedir.

Bəzən xəstənin yaddaşı zəifləyir, fikrini cəmləşdirə bilmir, başının gicəlləndiyini, başında səs olduğunu, gözləri qarşısında xırda qara böcəklər uçduğunu, ətraflarının keyləşdiyini, titrəməsini söyləyir. İlk növbədə ürəkağrısı, ürəkdöyünmə, ürək nahiyəsində narahatlıq duyur, iştahasızlıq, qəbizlik, bəzən ishal kimi pozğunluqlar xəstəni narahat edir. Xəstə həyəcanlandıqda ağzı quruyur, üzünün dərisi qızarır, yaxud tamamilə avazıyır, dərisində parça-parça qırmızı ləkələr əmələ gəlir və nəm olur. Xəstəyə elə gəlir ki, ürək, xərçəng xəstəliyinə tutulub. O, xəstəliyi haqqında uzun-uzadı danışır, gah nəbzini yoxlayır, gah ürəyini tutur, özünü tez-tez həkimə göstərməyə çalışır və s.

Nevrasteniyaya tutulmuş xəstələrin bəzisi çox davakar olur, hər şeydən, o cümlədən həkimdən, onun müayinəsindən narazılıq edir, müxtəlif mütəxəssislərin müayinəsindən keçməyə can atır.

Bəzən belə xəstələrdə cinsi zəiflik olur, onlar cinsi əlaqəyə girməkdən, cinsi aktın baş tuta bilməyəcəyindən qorxurlar. Bu hal nevrasteniya əlamətlərini daha da kəskinləşdirir.

- Nevrasteniya necə müəyyən edilir?

- Nevroloji müayinə zamanı xəstədə heç bir üzvi pozğunluq əlaməti tapılmadığı halda, reflekslərin yüksəlməsi, dərinin tərli, soyuq olması, əl barmaqlarının və göz qapaqlarının titrəməsi, qırmızı, yaxud ağ demoqrafizmin olması və bir sıra funksional pozulma əlamətləri ayırd edilir.