Kimyaterapiyadan üzü şişdi, saçları töküldü, parik taxdı...–


Digərləri 10 Noy 2018 19:12:00 261 0

Kimyaterapiyadan üzü şişdi, saçları töküldü, parik taxdı...–

İtirdiyimiz son canlı əfsanələrdən biri, Xalq artisti Amaliya Pənahova axır vaxtlar sosial şəbəkələr və saytlarda daha çox estetik əməliyyatlardan dəyişən görünüşü ilə müzakirə olunurdu. Amaliya Pənahova insanların yaddaşında  gənc görünüşdə qalmaq üçün son 2 ildə bir neçə əməliyyat keçirmişdi. Estetik əməliyyatlarının hamısını uğurlu saymaq olmazdı.

Son.az medicina.az-a istinadən bildirir ki, buna görə sosial şəbəkələrdə tənqidlər, mənfi rəylər, lağlağı, hətta təhqir yağışına da tutulurdu. Bu gün isə Xalq artistinin bir müddətdir, xərçəng xəstəliyindən müalicə aldığı, bunu ciddi-cəhdlə gizlətdiyi, elə bu xəstəliklə də dünyadan köçdüyü üzə çıxanda, son fotolarının gerçək siması adamı dəhşətə saldı.

Son fotolarda Amaliya Pənahova şişkin üzü, əlləri, bədəni ilə diqqət çəkir, tədbirlərə şinyon və pariklərlə qatılırdı. Lakin xəstəliyi barədə cəmiyyətdə məlumat olmadığından, onun bu addımları başqa cür yozulurdu. Halbuki indi şəkillərə diqqətlə baxanda parikin altında saç olmadığı aydın görünür.

"Bu yaşında bu nə parik, bu nə saçdır, bu qədər botoksmu olar, özünü nə günə qoyub" deyə gülüş hədəfinə çevrilən aktrisanın sən demə, əslində, saçları onkoloji müalicə məqsədilə aldığı kimyaterapiyalardan tökülübmüş və parikə möhtac qalıbmış, bütün yumşaq toxumaları şişibmiş, bənizi də həmin zəhrimara görə solubmuş. Lakin sağlığında heç kim buna fikir verməyib, heç kimin ağlına gəlməyib...

Demək, mərhum aktyor Fuad Poladovla eyni ildə, eyni xəstəlikdən itirdiyimiz Amaliya Pənahova ömrünün son aylarında da "rol oynadı". Xəstə olsa da sağlam, gündə bir estetik etdirib, cavanlaşmaq eşqinə düşən qadın rolunu ideal oynayaraq, tamaşaçılarını aldatmağı bacardı.