Sanki nə vaxtsa evimizə qayıdacağımı gözləyirəm


Digərləri 10 Noy 2018 19:14:00 251 0

Sanki nə vaxtsa evimizə qayıdacağımı gözləyirəm

Sanitar qadın deyinə-deyinə gedib gəlir. Tibb bacısı mənə qoşduqları cihazın monitoruna baxır...

"Yenə nə oldu? Niyə tövşüyürsünüz? Baxın, tənəffüsünüzü 99 faiz göstərir. Kaş mənim nəfəsim sizinki kimi olaydı. Qan təzyiqiniz də yaxşıdır: 110-un 75-ə. Bir dənə ağrıkəsən iynə də vuraram, çalışın yatın", - dediyinə görə, bu, altıncı ağrıkəsən iynədir.

Vaxt elə bil dayanıb. Narkozun təsiri keçdikcə, ayılıb vaxt soruşanda cavab vermirlər.

Yəqin, reanimasiyanın qaydası belədir, xəstəyə vaxtı demək olmaz. Amma pəncərə pərdəsinin arasından qaranlıq görünür.

Dil-ağız quruyur. Plastmas butulkada su var, amma kömək etmir. Nəfəs zorla gedib-gəlir.

Danışanda, səs yerinə xışıltı çıxır.

Bu iki qadından başqa heç kəs yoxdur. Onlar da yatmaq istəyirlər ki, "sabah da bütün günü saat 4-ə kimi "smendə"dirlər".

Heç vaxt belə təlaş, belə vahimə içində olmamışam. Bir vəziyyətdə qalmaq mümkün deyil. Lakin bu barədə fikirləşmək istəmirəm, əhəmiyyət verməyib, unutmaq istəyirəm ki, tamam öz üzərimdə idarəmi itirməyim.

Böyrümdən üç drenaj sallanır, burnumdan çıxan kateter udqunanda boğazımı ağrıdır, nəfəs almağa maneə olur. Hər nəfəs də elə bil ki, axırıncıdır.

Gəncənin adı bir müddət Kirovabad olub.

Heç olmasa, qoyalar ki, kimsə adamın yanında otursun. Bilirəm ki, indi qızımla oğlum reanimasiyanın qapısı qabağında keşik çəkirlər.

Kirovabad* ermənilərinin belə bir sözü vardı, ədəbli variantı - "iradəsinin açarını itirib" kimi səslənir. Mən həmin vəziyyətdəyəm.

Özümü ələ almağa çalışıram. Dərindən nəfəs alıb, amma havanı yavaş-yavaş buraxıram ki, tibb işçisi xanımların yuxusuna haram qatılmasın.

Bura o yerdir ki, buradan sənin çarpayı-xərəyini sürüb müalicə palatasına yox, ayağının baş barmağından birka asıb, üzdən iraq, başqa yerə təhvil versələr belə, heç kəsin günahına yazılmaz.

Bumu imiş axırı? Heç yerində və vaxtında olmadı axı. Yəqin, həmişə gözlənilməz olur.

Heç nə anlamadım bu həyatdan. Görünür, bu həyatdan baş çıxartmaq üçün bir ömür bəs deyil.

Elə bil həmişə nə vaxtsa gələcəkdə yaşamağa hazırlaşırdım və hiss eləmədim, ömür necə gəlib keçdi.

Xüsusilə, son 30 ili. Sanki haradasa evdən uzaqda müvəqqəti yaşayır və nə vaxtsa evə qayıdacağımı gözləyirəm.

Keçmişi xatırlamaq istəyəndə də, xəyallar 30 ilin hüdudlarından çıxıb sərhədlər pozur.

O zaman-məkan kəsiyində mən bu dəhşətli otaqda tək olmazdım. Orada mənim dostlarım var. Onlar yasaqları dəf etmək üçün mütləq bir imkan tapardılar.

Uşaqlıq dostlarımın da bəziləri artıq yoxdur. Üç-dörd il bundan əvvəl MDB ölkələrindən birində sinif yoldaşımın kiçik qardaşı ilə görüşmüşdüm. Yaxşı ailəsi, yaxşı biznesi var. Qəsəbəmizin uşaqlarından bir neçəsini də yanına aparıb, işlə təmin edib.

Mənim gəldiyimi zəng edib, bir-birinə dedilər, hamısı yığışdı. Onlardan bildim ki, hətta məndən bir-iki sinif aşağı oxuyan uşaqlardan bəziləri daha yoxdur.

Amma mən onların hamısını cavan xatırlayıram. Mən onları 30 il bundan əvvəlki kimi təsəvvür edirəm.

Beləcə xəyalım məni yenə uşaqlığım keçən, səkkizillik məktəbini bitirdiyim qəsəbəmizə apardı və özüm üçün xatirə mövzusunu tapdım: evimizdən başlayaraq qəsəbənin axırına kimi bir cərgədə duran evlərdə o vaxt yaşayanları və onlarla bağlı əhvalatları xatırlamaq.

Əzim** dayının həyətini bizim həyətdən məftilli hasar ayırırdı. Onların ərik ağacının budaqları bizim tərəfə, bizim nar ağacımızın budaqları onların tərəfinə sallanırdı. Bu problem yaratmırdı.

Biz onların biz tərəfə keçən əriyini dərə bilərdik, onlar bizim narı. Arvadı ilə ayrılanda, qızlarının ikisi də hələ məktəbə getmirdi.

Böyük oğlu qardaşımla Şuşadan qız qaçırdıb evləndi.

Kiçik oğlu Rəhim mənim kiçik qardaşlarımla yoldaşlıq edirdi, çox vaxt həyətimizdə oynayardılar.

Və əsgərliyə gedənə kimi artıq Qarabağ ləhcəsində ermənicə danışırdı. Qazaxıstana düşmüşdü.

Əsgərlikdən qayıdandan sonra ermənicə artıq bizim kimi yox, yerevanlıların ləhcəsində danışırdı.

Söyləyirdi ki, xidmət etdiyi hərbi hissədə əsgərlərin 40 nəfəri Ermənistandan olub, tək özü - Azərbaycandan.

Ermənicə bilməsi çox kömək edib, əsgərliyi rahat keçib. Əsgərlikdən sonra qayıdıb Qazaxıstana, indi də orada yaşayır.

İlk televizorlar

Ən birinci qəsəbəmizdə televizor sinif yoldaşım Həsənov Tofiqgildə olub.

Anası zavodda baş mühasib işləyirdi, atası yük maşını sürürdü. 60-cı illərin əvvəli idi.

Onlardan sonra bir-bir evlərin damları üstündə antenaların sayı artmağa başladı.

O zaman televizor üçün çöldə hündür antena qurmaq lazım idi. Yadımdadır, antenaları sayıb, sevinirdik ki, qəsəbədə televizorların sayı çoxalır.

Deyəsən, 13-ə ya 16-ya kimi çatdıqdan sonra saymağa son qoyduq.

Verilişlər axşam saat 6-da başlanırdı. Diktor verilişlər proqramını oxuduqdan sonra balacalar üçün multfilm başlanırdı. Hamımız bu vaxtı gözləyirdik ki, gedib Tofiqgildə multfilmə baxaq.

Tofiqdən iki yaş kiçik qardaşı Rafiqin də yoldaşları yığılırdı. Stul, divan üstə hamıya yer çatmırdı, uşaqların yarısı döşəməyə otururdu.

Televizor az adamda var idi və Bakının "Neftçi" futbol komandasının oyunlarına baxmaq üçün qruplara bölüşüb, bir neçə evə gedirdik.

Bəzi evlərdə isə televizor olsa da, onlara heç kəs getmirdi. Məsələn, Məsim kişinin arvadı rus idi, oyun vaxtı evdə siqaret çəkməyə qoymurdular, ona görə onlara tək-tük adam gedirdi.

Ləzgi Həsəngilə də heç kim getmirdi.

O, həm hirsli, həm çox qısqanc adam idi. Çöldə oynayan uşaqların topu onun həyətinə düşsəydi, girib götürmək olmazdı. Top onun əlinə keçsə, bıçaqla deşə bilərdi. Amma özü evdə olmayanda arvadı ya mənimlə bir sinifdə oxuyan qızı Növrəstə topu qaytarardılar.

"Neftçi" - "Ararat"

Sonradan hamıda televizor olanda da, bir yerdə toplaşıb futbola baxmaq ənənəsi hələ xeyli vaxt davam etdi.

Rəngli televizor hələ yox idi. Komandaların birinin əyni açıq, o birininki tünd rəngli olmalıydı ki, seçilsinlər. Oyunun əvvəlinə gecikənlər dərhal: "Bizimkilər hansıdır?" - soruşardılar.

Uşaqlar söyləyirdilər ki, bir dəfə Simfoniya Əjdər (ayaması pərəstiş etdiyi musiqi janrı ilə bağlıdır) 10-15 dəqiqə "Neftçi"yə qarşı azarkeşlik edib, sonradan başa düşüb ki, bizimkilər ağ maykada oynayır.

Və əlbəttə, hamımız "Neftçi"yə azarkeşlik edirdik.

"Ayə, gördün Çənçən (Robert Çanaleyşvili) nətər keçdi... bəs Axundovun cərimə zərbəsi... heyf ki, Kuznetsov Babayevin pasına çatmadı... ayə, bəs Markarov... bəs Tuayev... bəs Qolodets...".

Hamımızın bir sevimli "Neftçi" komandası, hərəmizin öz pərəstiş etdiyi sevimli oyunçusu var idi, hamımız həmişə "Neftçi"nin qələbəsini istəyirdik.

Aleksey Manvelyan (ortada) hərbi xidmətdə olarkən əsgər formasında

Mən də istəyirdim ki, "Neftçi" bütün rəqiblərinə qalib gəlsin. Amma, etiraf etməliyəm ki, bu istəyimdə səkkizillik məktəbi bitirib qəsəbədən çıxandan sonra dəyişiklik baş verdi: qoy "Neftçi" bütün rəqib komandalara qalib gəlsin, tək "Ararat"dan başqa.

"Ararat"la oyundan sonra bir-iki gün hər yandan - bufetdə, çayxanada, pivəxanada, nəqliyyatda, mağazada - futbola, idmana, yarışa aidiyyəti olmayan və az qala hər ikinci cümlədə mənsub olduğum etnikliyə ünvanlanan ədəbsiz ifadələr eşitmək olardı.

Yaxın yoldaşlarım üstünü vurmurlar, bilirlər ki, belə şeyləri vecimə almıram, necə deyərlər, peysərə verirəm, amma yenə də bəzən him eyləyir, qaş-gözlə işarə edirlər ki, bəs "sizdən yaxşı olmasın, bu yaxşı dostumuzla tanış olun".

Burada futbol söhbəti qurtarır. Başlayırlar mənə təsəlli verməyə ki, çox üzülməyim, fikir eləməyim: "hər millətin yaxşısı da olur, pisi də"; "mənim əsgərlikdə bir yaxşı dostum var idi, onun mənə elədiyi yaxşılıqları heç bizimkilər eləməz"; "bir yaxşı həkim var, bir şey olanda, həmişə onu çağırırıq"; "dədəmin bir dəlləyi var, 20 ildir başını ona vurdurur"; "bir yaxşı dərzi var..."; "bir yaxşı usta var..."; "yayda dağa gedəndə, əmimin bir yaxşı dostu var, onlarda qalırıq" və sairə...

Həbib

Tofiqgilin evi ilə üzbəüz dostum Həbibgilin evidir.

Mən əsgərlikdən qayıdanda o artıq Bakıda yaşayırdı. İldə heç olmasa mütləq bir dəfə qəsəbəyə anasına baş çəkməyə gəlirdi.