Dünya şöhrətli hindistanlı yoqin Sadhquru Bakıda xoşbəxtliyə və mənəvi harmoniyaya çatmaqdan danışdı (FOTO)


Digərləri 10 Noy 2018 15:03:35 254 0

Dünya şöhrətli hindistanlı yoqin Sadhquru Bakıda xoşbəxtliyə və mənəvi harmoniyaya çatmaqdan danışdı (FOTO)

Heydər Əliyev Mərkəzinin dəvəti ilə Bakıya ilk dəfə dünya şöhrətli hindistanlı yoqin və mistik, daha çox Sadhquru kimi tanınan Caqqi Vasudev səfər edib

Bakı. Vüqar İmanov - Heydər Əliyev Mərkəzinin dəvəti ilə Bakıya ilk dəfə dünya şöhrətli hindistanlı yoqin və mistik, daha çox Sadhquru kimi tanınan Caqqi Vasudev səfər edib. Trend-in məlumatına görə, Sadhquru noyabrın 10-da Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək. Mərkəzdə təşkil olunacaq mühazirə “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” mövzusuna həsr olunub. Ötən gün isə Sadhquru Heydər Əliyev Mərkəzində KİV nümayəndələri ilə görüşüb və onların suallarını cavablandırıb. Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” (“Padma Vibhushan”) dövlət mükafatı ilə təltif olunub. Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib. - Cənab Sadhquru, Azərbaycana xoş gəlmisiniz! Zəhmət olmasa, bu ölkə ilə bağlı ilk təəssüratlarınızı bölüşün. - Azərbaycan minillik tarixi olan qədim ölkədir. Əsrlər boyunca Azərbaycanla Hindistan arasında dostluq, mədəni və mənəvi əlaqələr mövcud olub. Bakı ətrafında qədim “Atəşgah” məbədi yerləşir və xüsusilə Hindistandan olmaqla dünyanın hər yerindən yüzillər boyunca zəvvarlar cəlb edib. Onlar öz adətlərinə və inanclarına uyğun olaraq burada yaşayıblar. Bu, Azərbaycanın tarixin dərinliyindən gələn tolerantlığını göstərir. Mən “Atəşgah” məbədində oldum, orada qədimdə mövcud olmuş məişət və inancları gördüm. Ötən əsrlərə və tarixdəki dağıdıcı proseslərə baxmayaraq, Azərbaycan bu tarixi abidəni qoruyub saxlaya bilib. Mən dövlətin “Atəşgah” məbədininin necə qeydinə qaldığını gördüm. - Bu gün insan dünən olduğu kimi deyil. O dəyişib, daha da həssaslaşıb. Bu, ona görədir ki, o, daha az hiss etməyə və duymağa başlayıb? - İnsanlar qədimdə olduğu kimidir, yalnız vəziyyət dəyişib, ona görə də onlar hadisələrə başqa cür reaksiya göstərir. Əgər siz fikirləşirsinizsə ki, sosial şəbəkələr vasitəsilə ünsiyyət nəticəsində biz dəyişmişik – bu, belə deyil. Bizi əhatə edən mühitin dərindən dəyişməsinə baxmayaraq, insanları əvvəlki kimi eyni problemlər narahat edir, onlar eyni hadisələrdən əziyyət çəkir və eyni mənəvi dəyərlərə əməl edir. Qeyd etmək lazımdır ki, tarixin heç bir dövründə bəşəriyyət bu qədər rahatlıq içində olmayıb. Biz əvvəlki kimi hadisələrə eyni qorxularla, eyni emosiyalarla reaksiya veririk. Müasir dünyada buna yer olmamalıdır. Amma əvvəlki kimi, bir çox cəmiyyətlərdə qorxu mövcuddur və bunu dəyişməyin və son qoymağın vaxtı çatıb. - “Əgər həyat biz istədiyimiz kimi davam etsə, onda mən nə edim?” Siz bunu Hindistanda görüşlərinizin birində demisiniz. Bəs bizim bir şey xoşumuza gəlməyəndə, buna münasibətimizi necə dəyişək?