Monitorinq Mərkəzi ayrıayrı qurumların sosial məsuliyyətini artıracaq


Digərləri 09 Noy 2018 22:35:00 555 0

Monitorinq Mərkəzi ayrıayrı qurumların sosial məsuliyyətini artıracaq

Buludxan Xəlilov: "Mərkəz dil siyasətinin zamanın tələblərinə cavab verməsinə ciddi bir təkan verəcək" 

Ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı Azərbaycan dili ilə bağlı narahatlıq doğuran məsələləri yenidən gündəmə gətirdi. Fərmanda müasir Azərbaycan dilinin ədəbi dil normalarının pozulması, müxtəlif səviyyələrdə dilə laqeyd münasibətin qarşısını almaq üçün təsirli tədbirlərin görülməsi üçün yeni bir qurumun "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxsin yaradılması xüsusi qeyd olunur.

Mütəxəssislər ölkə başçısının dilimizin saflığının qorunması və inkişafı istiqamətində atdığı addımları müsbət qarşılayır və bu sahədə hüquqi tənzimlənmənin olmasını vacib sayırlar.

Son.az xəbər verir ki, Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov "Kaspi"yə müsahibəsində dilimizin qorunmasında bu fərmanın mühüm rol oynayacağına inandığını bildirdi.   - Ölkə başçısı Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərmanında dilin qorunması üçün zəruri məsələləri önə çəkib. Prezidentin ana dilimizin qorunması ilə bağlı fərmanını necə dəyərləndirirsiniz?

- Ölkə başçısının imzaladığı fərman zəruri tələbatdan irəli gələn mühüm sənəddir. Çünki ölkənin bütün sahələri inkişaf etdiyi kimi dil də inkişaf edir və zamanın, dövrün tələblərinə uyğunlaşmalıdır. Ümummilli lider Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" imzaladığı fərman və ondan sonra da bu istiqamətdə olan sərəncamlar, daha sonra prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi, ölkədə gedən dil siyasətinin əhəmiyyətli iş olduğunu gündəmə gətirdi. Etiraf etməliyik ki, "Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi" ilə bağlı 2012-ci il 29 may tarixli sərəncam, 2013-cü il 9 aprel tarixli   "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçilik elminin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ilə bağlı sərəncam, 2018-ci il 17 iyul tarixində "Elektron məkanda Azərbaycan dilinin geniş istifadəsinin tətbiq edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam verilib ki, bunlar biri digərini zərurətə çevirən, biri digərinin aktuallığını gündəmə gətirən sərəncamlardır. Çünki ölkədə təkcə iqtisadi, siyasi, mədəni inkişaf deyil, həm də dil mühitinin inkişafına böyük ehtiyac vardı. Qloballaşan dünya rəqabət prosesindədir və bu proses də gün-gündən aktuallığını artırır. Bu rəqabət prosesində 21-ci əsrin tələblərinə cavab verən Azərbaycan dilini formalaşdırmaq, yaşatmaq və inkişaf etdirmək üçün dilin tətbiqi və tədqiqi işinə ciddi fikir vermək lazımdır. Ölkə başçısı bunu zamanın tələbi kimi qəbul edir və bu tələbin aktuallığının mahiyyətinə vararaq bu fərmanı imzalayıb. Azərbaycan dili müstəqil dövlətin dili olaraq sinxron tərcümələrin rəqabətinə cavab verməlidir. Eyni zamanda, bu gün dövlətimizin nüfuzu artdıqca dövlət dili kimi Azərbaycan dilinin də nüfuzu artır. Çap işlərində, internet resurslarında, televiziya və radioda, reklamların dilində Azərbaycan dilinin tətbiqi imkanları da müasir tələblərə cavab verməlidir. Əgər bu tələblər nəzarətə götürülməzsə və bu qaydalara ciddi əməl olunmazsa, dildə gedən proseslər Azərbaycan dilinin lüğət tərkibinin, qrammatik quruluşun tədqiqində müəyyən qüsurları üzə çıxaracaq. Ona görə də ölkə başçısı dünyada gedən müasir proseslərin tərkib hissəsi kimi dil siyasətini ciddi şəkildə önə çəkir. Çünki dilin özü də bir siyasətdir. 21-ci əsrin tələbləri tam fərqlidir. Biz bilmirik ki, 5 və ya 10 ildən sonra dünyanın beynəlxalq dillərinin taleyi necə ola bilər. Hansı beynəlxalq dil beynəlxalq statusunda qala və ya qalmaya bilər? Belə bir rəqabət prosesində təbii ki, doğma dilimizin keşiyində dayanmaq, onun qayğısına qalmaq və gələcək inkişaf və perspektivlərini müəyyənləşdirmək dövlətin prioritet siyasətinin tərkib hissəsidir. Ölkə başçısı da bu siyasəti çox uğurla həyata keçirir.

- Fərmana görə, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Sizcə, bu qurumun gələcək fəaliyyətinin təsir imkanları necə olacaq?