İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb FOTO


Digərləri 09 Noy 2018 19:05:00 377 0

İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb  FOTO

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 8-də Qəbələ rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Son.az bildirir ki, ağacəkmə aksiyaları zamanı Qəbələ rayonunda ayrılan 2 ha ərazidə 1248 ədəd fındıq ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik və Quba rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.