KOBİAnın nümayəndələri ABŞa səfər edib


Digərləri 09 Noy 2018 15:56:00 289 0

KOBİAnın nümayəndələri ABŞa səfər edib

7-8 noyabrda ABŞ-ın Boston şəhərində ABŞ-Xəzər İnnovasiya Sammiti keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil olunub.

Son.az Trend-ə istinadən bildirir ki, KOBİA-nın təşkilatçılığı ilə nümayəndə heyətində innovasiya, təhsil və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən müəssisələr təmsil olunub.

Sammitin əsas məqsədi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən islahatlar, həmçinin innovasiya prosesləri, startapların stimullaşdırılması, araşdırma və inkişaf məsələlərinə dair fikir mübadiləsi və müzakirələr aparılması idi.

Sammitdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə hazırda etibarlı tərəfdaş kimi bir sıra transmilli enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan ölkəmizdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası prioritetdir, bu istiqamətdə önəmli işlər görülüb və hazırda da davam etdirilir.

Qeyd olunub ki, qanunvericilik və institusional sahədə aparılan uğurlu islahatlar nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4 faizədək azalıb. Azərbaycanda 9 mindən çox xarici investisiyalı şirkət qeydiyyatdan keçib, iqtisadiyyata 250 milyard ABŞ dollarından artıq investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Azərbaycanın əldə etdiyi uğurlar nüfuzlu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilir. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 25-ci yerə yüksəlib, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.


Xəbərə aid fotolar