“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşdü


Digərləri 09 Noy 2018 15:01:00 301 0

“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşdü

ABŞ Nəqliyyat komandanı general Stefan Layonsun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

Son.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Baku Cargo Terminal" yük terminalı ilə tanış oldular. Ümumi sahəsi 25 min m2  olan "Baku Cargo Terminal" MDB məkanında ən böyük və texniki cəhətdən təchiz edilmiş yük terminalıdır. Bakı yük terminalı ABŞ və Asiya arasında yüklərin daşınması üzrə əsas əlaqələndirici qovşaq qismində çıxış edir.

AZAL-ın prezidenti Cahangir Əsgərovla görüş zamanı tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq hissi duyduqlarını bildirdilər.

Cahangir Əsgərov Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında mülki aviasiya sahəsində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Xüsusən qeyd etmək lazımdır ki, ABŞ-ın ən böyük aerokosmik korporasiyası "Boeing"  "Azərbaycan Hava Yolları"nın strateji tərəfdaşıdır. Bundan əlavə 2016-cı ilin iyun ayından  Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında "Açıq Səma" ("Open Skies") müqaviləsi qüvvəyə minmişdir və bu müqaviləyə əsasən operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha sərfəli və səmərəli xidmətlər təqdim edilir.