Tarixçi alim: "Milli kimliyimizin əsas əlamətləri məhz üçrəngli bayrağımızda öz əksini tapıb"


Digərləri 09 Noy 2018 14:19:00 308 0

Tarixçi alim: "Milli kimliyimizin əsas əlamətləri məhz üçrəngli bayrağımızda öz əksini tapıb"

"Milli kimlik olmadan siyasi kimlikdən söhbət gedə bilməz. Bu gün biz fəxrlə qeyd etməliyik ki, məhz Azərbaycan Respublikası bu milli kimliyin, üçrəngli ay-ulduzlu bayrağın təntənəsi altında dünya dövlətləri sırasında özünə layiqli yer tutub, öz siyasətini yürüdür".

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov deyib.

O bildirib ki, Azərbaycan tarixi üçün bir çox əlamətdar hadisələr bu gün xalqımız tərəfindən böyük sevinc və fəxarət hissi ilə qeyd olunur.

Z.Əmrahov qeyd edib ki, belə əlamətdar günlər tariximizə sadəcə ötəri gün kimi daxil olmayıb: "Bu, bizim xalqımızın azadlığının, müstəqilliyinin və siyasi suverenliyinin rəmzi kimi qiymətləndirilməlidir. Bu gün fəxrlə qeyd etdiymiz bu tarixi günlərdən biri düz 100 il əvvəl müsəlman Şərqində müstəqilliyini elan etmiş və dünya dövlətləri ailəsinə daxil olaraq müstəqil yaşama haqqı qazanmış Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli ay-ulduzlu səkkiz guşəli bayrağının qəbul edilməsi günüdür. 1813-cü ildən sonra itirilmiş dövlət müstəqilliyinin 1918-ci il mayın 28-də parlamentli respublika formasında elan edilməsindən sonra onun dövlət rəmzlərinin qəbul edilməsi olduqca mühüm hadisələrdən biri idi".