Xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilir


Digərləri 09 Noy 2018 11:34:00 318 0

Xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Pənahova ilə vida mərasimi keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak edirlər.

A.Pənahova "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

A.Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.

O, 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik etmişdir.