Gədəbəydə mineral sular istehsalı müəssisəsi yaradılır


Digərləri 09 Noy 2018 04:54:40 305 0

Gədəbəydə mineral sular istehsalı müəssisəsi yaradılır

Bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Gədəbəy rayonunda keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi və maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum noyabrın 8-də Gədəbəy rayonunda keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Gədəbəy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi layihələrinin maliyyələşdirilməsi, otelin, kartofçuluq təsərrüfatı, meyvə emalı, xalça istehsalı, bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov bildirib ki, bu ilin ötən dövrü ərzində 897 sahibkara 126,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9200-dək yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6843 investisiya layihəsinin maliyyələşdirilməsinə 268,3 milyon manat güzəştli kredit ayrılıb.