“40 dərəcə temperaturda səhnədə...” – Sənət dostları


Digərləri 08 Noy 2018 21:22:00 253 0

“40 dərəcə temperaturda səhnədə...” – Sənət dostları

Amaliya Pənahovanın ölüm xəbərindən şok keçirdim, özümə gələ bilmirəm. O, Azərbaycan teatr və kinosunun korifey sənətkarlarından biri idi. Sənətini hədsiz sevirdi. Yadıma gəlir, bir dəfə ayağı yanmışdı, hamı dedi gələ bilməz, ancaq gəlib tamaşada oynadı. 40 dərəcə temperaturda da səhnəyə çıxıb. Sənətini sevib özünü fəda edən aktrisalardan idi.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri dünyasını dəyişən Amaliya Pənahova ilə bağlı xalq artisti Firəngiz Mütəllimova deyib.

"Uşaqları qucağında teatrda böyüyüb"

Firəngiz Mütəllimova bildirib ki, teatra gəldiyi gündən illərlə Amaliya Pənahova ilə tərəf-müqabil olub: "Enerjisi tükənməyən, çılğın, güclü, ağıllı, savadlı bir xanım, örnək aktrisa idi. Uşaqlarını teatrda böyüdüb.

Neçə il anşlaqla keçən "Təhminə və Zaur"da mən Firəngizi, Amaliya xanım Təhminəni, Fuad Poladov Zauru oynayırdı. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin.

Birgə qastrollarda çox olmuşuq. Səhnədən getməsinə çox pis olmuşdum, gərək oynayardı, gedib teatr açdı. Ancaq bu yaxınlarda təsadüfən televiziyada "Qadın oyunları" adlı tamaşada oynadığını gördüm. Kiçik səhnədə "Medeya" rolunu oynayırdı, inanırsınız, o tamaşaya 8 dəfə baxmışam, gedirdim, elə bilirdim başqa bir əsrə düşürəm.

Çünki dəhşət oynayırdı, gözəl səhnə texnikası vardı, yaxşı insan idi. Ondan özümə qarşı ancaq səmimi hisslər görmüşəm. Sənətkar olmaq olar, əsas insan olmaqdır. Allah rəhmət eləsin!"

"Obrazlarını zərgər dəqiqliyi ilə oynayırdı"

Xalq artisti İlham Namiq Kamal üçün də Amaliya Pənahovanın vəfat xəbəri gözlənilməz olub: "Amaliya xanım Azərbaycan Dövlət Dram Teatrının ən aparıcı aktrisalarından biri olub, hamımızın müəllimi böyük novator rejissor Tofiq Kazımovun bilavasitə dəvəti ilə teatra gəlib. Bir çox tamaşalarda, eləcə də "Qəribə oğlan", "Unuda bilmirəm", "Natəvan", "Qanlı Nigar"da tərəf-müqabil olmuşuq. Öz sənətinə qarşı həddən artıq vicdanlı, obrazlarını zərgər dəqiqliyi ilə oynayan aktrisa idi, insan kimi də gözəl insan idi.

Azərbaycan teatrı onsuz da kasadlaşır, xüsusilə bu cür sənətkarları itiririk, vallah, danışmaq da çətindir.

O, çox böyük sənətkardır, Azərbaycan xalqına həmişə xarakterlərini yüksək səviyyədə sevdirmişdi, tək teatrda deyildi, həm də kino aktrisası idi, televiziyada yüksək səviyyəli rolları vardı.