Bilik Fondu Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib (FOTO)


Digərləri 08 Noy 2018 20:36:00 246 0

Bilik Fondu Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib (FOTO)

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paytaxtda və bölgələrdə silsilə tədbirlər təşkil edib.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu “İl boyu bilik” proqramına uyğun olaraq, 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paytaxtda və bölgələrdə silsilə tədbirlər təşkil edib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirlər Fondun yerli nümayəndələri və Bilik evləri rəhbərlərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Dövlət Bayrağı Günü ərəfəsində Astara şəhər 1 və 5 nömrəli, Şiyəkəran kənd 2 nömrəli tam orta məktəblərin, yerli Pedaqoji Kollecin müəllim və şagird kollektivi müxtəlif günlərdə rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin direktoru Kübra Səmədova qonaqlara Ulu öndərin fəaliyyətini əks etdirən fotolar və sənədlər barədə məlumat verib. Rayon İcra Hakimiyyətinin İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov, Kollecin müəllimi Xanımnisə İsayeva, orta məktəblərin müəllimləri – Lalə Məmmədli, Aysel Abizadə, Dilarə Hüseynova, Sürəyya Nəsirova, Ayla İmamverdiyeva, Yusif Əlizadə, Gülnur Abdullayeva, Bəhruz Hüseynli, Mərkəzin bələdçisi Cəmalə Məmmədova çıxışlarında milli bayrağımızın özündə müqəddəs dəyərləri əks etdirdiyini vurğulayıblar. Mərkəz fondunun baş mühafizi Elza Kazımova “Azərbaycan bayrağı – milli qürurumuz, kimliyimiz, vüqarımızdır” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyin əsas atributlarından olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul edilib. Tədbir iştirakçıları Astara Bilik Evinin “Toxuculuq” və “Rəssamlıq” dərnəkləri üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar. Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən “dəyirmi masa”da şəhərin 6 məktəbinin və Texniki təbiət təmayüllü liseyin şagird və müəllim kollektivi iştirak edib. Fondun rayon üzrə nümayəndəsi Anar Rzayev tədbiri açaraq, bayrağın hər bir dövlət üçün bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib. Qeyd edilib ki, azərbaycanlılar dövlət bayrağını müqəddəs bilir, millətin, xalqın qeyrət rəmzi kimi xarakterizə edirlər. Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında gerçəkləşən tədbiri müəssisənin direktoru, Bilik Fondunun rayon üzrə nümayəndəsi Kəmalə Hüseynova açaraq, bayrağımızın yaranma tarixindən, üzərində olan rənglərin mənalarından danışıb. Körpələr evinin uşaqları şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda sənədli film nümayiş olunub.