DGK və AMEA arasında anlaşma memorandumu imzalanıb (FOTO)


Digərləri 08 Noy 2018 19:15:00 441 0

DGK və AMEA arasında anlaşma memorandumu imzalanıb (FOTO)

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Bakı. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu” imzalanıb. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən imzalanma mərasimində DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Komitə sədrinin müavinləri, AMEA Rəyasət Heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. İmzalanma mərasimindən öncə çıxış edən akademik A.Əlizadə iki qurum arasındakı əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsi işində yeni mərhələyə qədəm qoyulduğunu və imzalanacaq memorandumun Azərbaycanda elmin, gömrük işinin, fiskal siyasətin, ümumilikdə milli iqtisadiyatın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib. Bildirilib ki, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi elmin müxtəlif sahələrində yeni tədqiqat işlərinin aparılmasına, AMEA əməkdaşlarının Komitənin məlumat bazasından istifadə edərək yeni araşdırmalar və tətbiqlər ortaya qoymasına, eyni zamanda, gömrük orqanlarında elmi nailiyyətlərin daha geniş tətbiqinə, gömrükçülərin və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrinin bilik və bacarıqlarının artırılmasına münbit şərait yaradacaq. S.Mehdiyev memorandumun iki qurum arasındakı əlaqələrin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını, AMEA-nın apardığı araşdırmaların, əldə etdiyi elmi nailiyyətlərin müxtəlif elm sahələrini özündə birləşdirən gömrük işinin effektivliyinin artırılmasına, gömrük əməkdaşlarının potensialının gücləndirilməsinə təkan verəcəyini bildirib. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində formalaşaraq mühüm dövlər təsisatlarından birinə çevrilən gömrük orqanları daim elmi nailiyyətlərin tətbiqinə geniş yer verir. Bunun nəticəsidir ki, Ümumdünya Gömrük Təşkilatının üç müxtəlif istiqaməti əhatə edən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, Regional Tədris Mərkəzi və Regional Kinoloji Mərkəzi Azərbaycanda yerləşir.