Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub (FOTO)


Digərləri 08 Noy 2018 17:23:00 273 0

Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub (FOTO)

Azərbaycan Universitetində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Bakı. Azərbaycan Universitetində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Azərbaycan bayrağı Azərbaycan xalqının keçdiyi tarixi yolu və dövlətçiliyimizin bütün simvollarını özündə əks etdirir. Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Universiteti rektorunun müşaviri Nüşabə Quliyeva açılış nitqi ilə çıxış edərək bildirib ki, üçrəngli dövlət bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs və əzizdir. Bütün şəhər və rayonlarımızda Bayraq meydanı və Bayraq muzeyləri fəaliyyət göstərir. Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması dövlət başçımızın tarixi irsə sahib çıxmasının bariz nümunəsidir. Nüşabə Quliyeva zəfər bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini də ifadə edib. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev çıxışında 27 aprel 1920-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağının vətənə qaytarılmasının tarixi haqqında danışıb. Qonaq qeyd edib ki, bolşevik işğalından sonra xarici ölkələrə mühacirət edən ictimai xadimlərdən biri də parlamentdə katib-stenoqraf kimi çalışan Mirzə Bala Məmmədzadə olub. O, 27 aprel günü bolşeviklərin endirdiyi üçrəngli bayrağı ayaqlar altında qalmaması üçün onlardan alıb və mühacir həyatı boyunca yaşadığı ölkələrdə qoruyub saxlayıb.