BSU-da Mehdi Hüseynzadəyə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 08 Noy 2018 12:13:00 241 0

BSU-da Mehdi Hüseynzadəyə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı Slavyan Universitetində Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bakı. Bakı Slavyan Universitetində Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Üzeyir Hacıbəylinin uverturasının sədaları altında Azərbaycan bayrağı salona gətirilib. Bakı Slavyan Universtetinin rektoru, professor Nurlana Əliyeva çıxış edərək Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Mehdi Hüseynzadənin insanlığın faşizm əsarətindən xilas olmasında göstərdiyi misilsiz şücaətdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il iyun ayında Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyinin qeyd olunması barədə Sərəncamının milli dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu vurğulayıb. N.Əliyeva Mehdi Hüseynzadənin şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsl örnək olduğunu deyib. Rektor tələbələri məhz belə qəhrəmanlardan nümunə götürməyə, onların vətən, torpaq sevgisini əməllərində və qəlblərində yaşatmağa çağırıb. O, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunacağını əminliklə vurğulayıb. Rektor çıxışının sonunda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova ilə birlikdə Sloveniyanın Çepovan kəndində Mehdi Hüseynzadənin məzarını ziyarət etmələrini xatırladıb. N.Əliyeva tələbələrə müraciət edərək haqq, ədalət, bəşəri dəyərlər uğrunda döyüşmüş insanların xatirəsini heç vaxt unutmamağa çağırıb. Sonra söz alan T.Şahbazova da Çepovan kəndindəki qardaşlıq qəbristanlığında uyuyan M.Hüseynzadənin məzarını ziyarətin bəzi məqamlarını yada salıb. Rayon Qadınlar Şurasının sədri Slovaniyadan gətirdiyi və üstündə Mehdi Hüseynzadənin büstünun şəkli olan suveniri universitetin muzeyinə hədiyyə edib. Sonra BSU tələbələri “Azərbaycan oğlu” şeirini söyləyiblər. Fəlsəfə İnstitutunun əməkdaşı İlham Abbasov “M.Hüseynzadənin partizanlıq fəaliyyəti” barədə müfəssəl məruzə ilə çıxış edib. O, çıxışında Mehdi Hüsenyzadənin “uzaq sahillərdəki” fəaliyyəti ilə bağlı bir çox qiymətli tarixi faktlara toxunub, onu tanıyan insanların xatirələrindən bəzi nümunələr səsləndirib. İ.Abbasov həm də M.Hüseynzadənin partizan dəstəsində tək olmadığını, həmin batalyonda 80 azərbaycanlının döyüşdüyünü bildirib.