Bilik Fondu Xaçmazda maarifləndirici tədbirlər keçirib (FOTO)


Digərləri 07 Noy 2018 22:38:07 259 0

Bilik Fondu Xaçmazda maarifləndirici tədbirlər keçirib (FOTO)

“Quba-Xaçmaz bölgəsinin abidələri, arxeologiyası və etnoqrafiyası” mövzuda müzakirələr aparılıb.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu tərəfindən Xaçmazda təşkil olunan “dəyirmi masa”da “Quba-Xaçmaz bölgəsinin abidələri, arxeologiyası və etnoqrafiyası” mövzuda müzakirələr aparılıb. Fonddan Trend-ə verilən məlumata görə, rayon icra hakimiyyəti ilə birgə Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, dosent Elmira Cəfərovanın mühazirə-təqdimatı dinlənib. Elmira Cəfərova bildirib ki, Quba–Xaçmaz bölgəsinin abidələri Azərbaycan və Cənubi Qafqaz tarixinin öyrənilməsi üçün zəngin mənbə sayılır. Xaçmaz rayonunun Sərkərtəpə, Seyidli, Salmanbulağı, Canaxır, Mollaburxan, Sandıqtəpə, Çinartala, Güllütəpə, Xürünxür, Çiləgir və digər yaşayış yerlərində aparılan arxeoloji qazıntılar ilk tunc dövrünə aid qədim insan məskənlərinin dəqiq stratiqrafiyasını təyin edib. Daş, keramika və dəmirdən hazırlanmış alətlər və bəzək əşyaları, silahlar yerli əhalinin məşğuliyyəti, əkinçilik, sənətkarlıq mədəniyyəti, məişəti, sosial təbəqələşmələri, etnoqrafiyası barədə dəyərli bilgilər verir. Tədbirdə müasir Xaçmaz ərazisində müstəqillik illərində tarixi əhəmiyyətli çox sayda milli ornamentli abidələrin inşa edildiyi vurğulanıb. Foto və video təqdimatla aparılan mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb. Çıxışlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tarix və mədəniyyətimizin öyrənilməsinə, təbliğinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib. Xaçmaz şəhər Mehman Məhəmmədov adına 4 nömrəli tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Dövlət atributlarımız və məktəblilərin vətənpərvərlik tərbiyəsi” mövzusunda çıxışı maraqla qarşılanıb.