Şəhid hərbi qulluqçuların vərəsələrinə verilmiş sığorta ödənişi ilə bağlı sənədlər ictimaiyyətə təqdim olunub (FOTO)


Digərləri 07 Noy 2018 17:29:00 281 0

Şəhid hərbi qulluqçuların vərəsələrinə verilmiş sığorta ödənişi ilə bağlı sənədlər ictimaiyyətə təqdim olunub (FOTO)

Əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsənin müraciətlərinin araşdırılması ilə bağlı aparılan işlərə dair mətbuat konfransı keçirilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsənin müraciətlərinin araşdırılması ilə bağlı aparılan işlərə dair mətbuat konfransı keçirilib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər birimiz üçün əzizdir və onları ehtiram hissi ilə hər zaman yad edirik. Şəhidlərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə şəhid ailələrinin yeni mənzillərlə, Prezidentin təqaüdü, pensiya və müavinətlə təminatı həyata keçirilir və bu ödənişlər mütəmadi olaraq artırılır. Şəhid ailəsi üzvləri üçün qanunvericilikdə bir sıra güzəşt və imtiyazlar da əksini tapıb, həmçinin şəhid ailələrinin respublikamızın ali təhsil və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. İ.İsayev dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının da şəhid ailələrinə xüsusi qayğının növbəti təzahürü olduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində nazirlikdə yaradılmış Komissiya tərəfindən bütün zəruri işlərin görülməsi təmin olunub. Bu ödənişin həyata keçirilməsinin tam şəffaf prosedur qaydaları hazırlanıb. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrindən artıq 97 faizi nazirliyin rəsmi saytındakı (http://www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi vasitəsilə həmin ödəməni almaq hüququnun olduğunu öyrənib. Vərəsələrdən notarial qaydada qəbul olunaraq nazirliyə təqdim edilən sənədlərin hazırda təhlili aparılır və onlara birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul edilməklə, bank hesablarına müvafiq vəsaitin köçürülməsi üçün aidiyyəti quruma siyahıları göndərilir. Nazir müavini bildirib ki, bununla belə, əvvəllərdə şəhid hərbi qulluqçulara görə şığorta ödənişi ilə təmin edilən və bu səbəbdən hazırda birdəfəlik ödəmə almaq hüququ olmayan vərəsələrdən bir qrupu indiyədək heç zaman sığorta ödənişi almadıqlarını iddia edirlər. Nazirlikdə həmin vərəsələr bir neçə dəfə qəbul olunub. Hər bir müraciət aidyyəti qurumlarla birgə araşdırılıb və onlara bununla bağlı aidiyyəti təsdiqedici sənədlər təqdim edilib. Bu sənədlər sırasında şikayətçilərə notariat kontorları tərəfindən məhz ödənişin alınması üçün vaxtilə verilmiş vərəsəlik şəhadətnamələri də var. Bu gün də həmin şikayətçi vərəsələr nazirlikdə qəbul edilib. Onlara əvvəllər sığorta ödənişi verildiyinə dair sənədlər, ödənişin verilməsi üçün Ədliyyə Nazirliyinin notariat orqanlarında tərtib olunmuş vərəsəlik şəhadətnamələri yenidən təqdim olunmaqla, ətraflı izahat işi aparılıb.