Karxanalarda qeyriqanuni istismar işləri ilə bağlı


Digərləri 07 Noy 2018 16:56:00 234 0

Karxanalarda qeyriqanuni istismar işləri ilə bağlı

Mişardaşı karxanası və əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri ilə bağlı 7 nəfər həbs edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Son.az-a daxil olan birgə məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən sui-istifadə edilərək ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Başlanmış cinayət işi üzrə ETSN-nin mütəxəssisləri cəlb edilməklə Baş İdarənin təcrübəli müstəntiq, əməliyyatçı və mütəxəssislərindən ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Abşeron rayonunda yerləşən "Güzdək", Bakı şəhərinin Qaradağ rayonundakı "Güzdək, Gülbaxt, Qaradağ-II, Şahqaya və Karvansaray", Xəzər rayonunda yerləşən "Türkan-I və Türkan-II" və Səbail rayonu ərazisindəki "Şahinbax" mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4 milyon 845 min manat məbləğində ziyan vurmuşlar.

İstintaq zamanı həmçinin, qeyd edilən 48 sahibkarlıq subyektindən 29-nun "Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması"na dair müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan fəaliyyət göstərmələri müəyyən olunmuşdur.