Fədayə Laçın prokurorun istədiyi cəza müddəti ilə razı deyil


Digərləri 07 Noy 2018 16:44:00 254 0

Fədayə Laçın prokurorun istədiyi cəza müddəti ilə razı deyil

Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın dövlət ittihamçısının istədiyi cəza ilə razı deyil.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nürəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, F.Laçının səhhətində problemlər qalmaqdadır: "Hepatit xəstəliyindən əziyyət çəkir, təcridxana şəraitində müalicəsi davam etdirilir. Dövlət ittihamçısı ötən məhkəmə prosesində ona 6 il cəza istədi. Fədayə bu cəza ilə razı deyil. Prokuror onun ittiham olunduğu maddənin maksimum cəza müddətini istədi. Fədayənin ittiham olunduğu maddəyə görə ona 2 ildən 6 ilə qədər cəza nəzərdə tutulub. Bu o demək deyil ki, nəzərdə tutulan maddəyə görə ən ağır cəza verilməlidir. Prokuror iki ildən 6 ilə qədər cəzanı istəyə bilərdi, amma o heç nəyi nəzərə almadan birbaşa ən ağır - 6 il cəzanı istədi. Fədayə də bu cəza ilə razı deyil".

N.Qarayeva bildirib ki, növbəti məhkəmədə təqsirləndirilən şəxslər və onların vəkillərinin müdafiə çıxışları olacaq.

Vəkil qeyd edib ki, F.Laçının saxlanma şəraitindən heç bir şikayəti yoxdur: "Saxlanma şəraiti yüksək səviyyədədir, heç bir şikayəti yoxdur. Görüşmək istəyəndə müraciət edirik və görüş təşkil edilir".

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.